Noyabr ayında dünyada ərzaq qiymətləri son 2 ildə ən yüksək səviyyəyə çatıb.

Bu barədə “APA-Economics” BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən xəbər verir.

Ərzaq səbətinin beynəlxalq qiymətlərindəki aylıq dəyişmənin ölçüsünü göstərən FAO-nun ərzaq qiymətləri indeksi bu ay oktyabrla müqayisədə 2,7%, illik müqayisədə isə 9,5% artaraq 177,2-yə çatıb.

FAO-nun şəkər qiymətləri indeksi 181,6-ya bərabər olub ki, bu da əvvəlki ayla müqayisədə 1,8%-lik artım deməkdir. Ət qiymətləri indeksi də oktyabrla müqayisədə 4,6% artaraq 190,5-ə bərabər olub. Beləliklə, bu, 2009-cu ilin mayından bu yana qeydə alınmış ən yüksək aylıq artımdır.

Bitki yağı qiymətləri indeksi 2018-ci ilin may ayından bəri ən yüksək səviyyəyə 150,6-ya çatıb ki, bu da oktyabr ayının səviyyəsindən 10,4% çoxdur.