Yeni növ koronavirus pandemiyası və neft bazarında hökm sürən qeyri-sabitlik cari ildə Yaxın Şərq və Şimali Afrika ölkələrində ümumi daxili məhsulun (ÜDM) 3,7 faiz azalmasına səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu proqnoz Dünya Bankının hesabatında yer alıb. Qeyd olunub ki, ÜDM-in azalması nəticəsində regionun iqtisadiyyatı 116 milyard dollar zərərə uğrayacaq. Dünya Bankı ötən ilin oktyabrında bu region üçün 2020-ci ildə 2,6 faiz iqtisadi artım proqnozlaşdırmışdı.

Bankın region üzrə vitse-prezidenti Fərid Belhaj bildirib ki, bütün dünyada olduğu kimi, Yaxın Şərqə və Şimali Afrika regionu da koronavirus pandemiyası və neftə tələbatın azalması ilə əlaqədar ciddi maliyyə-iqtisadi problemlərlə üzləşə bilər. Eyni zamanda, bankın hesabatında sözügedən proqnozla bağlı ilin sonunadək müəyyən dəyişikliklərin olacağı da istisna edilmir.

Hesabatda qeyd olunur ki, şəffaflıq amili iqtisadi şokların yumşalmasında mühüm rol oynayacaq. “Koronavirus pandemiyasının Yaxın Şərq və Şimali Afrika regionunda geniş yayıldığı bir vaxtda hökumətlərlə əhali arasında qarşılıqlı etimadın möhkəmlənməsi çox vacibdir. Əslində, XXI əsrin əvvəlindən bu regionda iqtisadi artım, adambaşına düşən gəlir ölkələrin potensialından aşağı səviyyədə olub. Halbuki, zəngin təbii ehtiyatlara malik olan region ölkələri indiki ilə müqayisədə 20 faiz daha varlı ola bilərdi”, – deyə hesabatda vurğulanır. Dünya Bankı hesab edir ki, bu regionda iqtisadi artımın dünyanın digər regionları il müqayisədə aşağı səviyyədə olması həmin ölkələrin 2015-2018-ci illərdə şəffaflıq indeksində geridə qalması ilə əlaqədardır.

Bildirilir ki, pandemiya sözügedən regionun iqtisadiyyatına 4 aspektdən təsir edib: səhiyyənin vəziyyəti, regionun ixrac etdiyi mal və məhsullara qlobal tələbatın azalması, ölkələrin daxilində istehlakçı tələbatının düşməsi və neft bazarında qiymətlərin xeyli aşağı olması.

Xatırladaq ki, Dünya Bankı ötən həftə inkişaf etməkdə olan ölkələrə 160 milyard dollarlıq maliyyə dəstəyi paketini açıqlayıb.