Hər il təxminən 100 milyon insan öz cibindən səhiyyə xidmətlərini ödəyə bilməyərək yoxsulluq həddindən də aşağı səviyyəyə düşür. AZƏRTAC xəbər verir ki, bu fakt Dünya Səhiyyə Təşkilatının (DST) yeni hesabatında diqqətə çatdırılır.

Hesabat müəllifləri qeyd edirlər ki, səhiyyə məsrəfləri dünyada iqtisadi artımı üstələyir və qlobal ümumi daxili məhsulun (ÜDM) 10 faizini təşkil edir. Yoxsul ölkələrdə bu xərclər orta hesabla 6 faiz, varlı dövlətlərdə isə 4 faiz artır.

Səhiyyə xərcləri iki mənbədən – şəxsi vəsaitlər və dövlət büdcəsindən ödənilir. Pasiyentlər bu xərclərin 35 faizini ödəyirlər. Belə olan halda isə hər il təxminən 100 milyon insan dilənçi vəziyyətinə düşür. “İnsanların səhiyyə xidmətləri ilə əhatə edilməsinin və dayanıqlı inkişaf hədəflərində sağlamlıqla bağlı məqsədlərə nail olunmasının zəruri şərtlərindən biri səhiyyənin dövlət tərəfindən maliyyələşdirilməsinin artırılmasıdır”, deyə DST-nin baş direktoru Tedros Adhanom Gebreyesus vurğulayıb.

Baş direktor əlavə edib ki, səhiyyə xərcləri büdcəyə əlavə yük deyil, əksinə, yoxsulluqla mübarizəyə qoyulan sərmayə, əmək məhsuldarlığının artırılması üçün vasitə, iqtisadi inkişafı təmin edən və daha sağlam, təhlükəsiz və ədalətli cəmiyyətin qurulması məqsədilə atılan mühüm addımdır.

Gəlirlərin orta səviyyədən də aşağı olduğu ölkələrdə büdcədən adambaşına ayrılan səhiyyə xərcləri 60 dollar, daha yüksək gəlirli dövlətlərdə isə təxminən 270 dollardır.