Azərbaycan hökuməti 2020-ci ilin dövlət büdcəsinin dəyişdirilməsinin səbəbləri və təfərrüatlarını açıqlayıb.

Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, koronavirus pandemiyası dünya iqtisadiyyatına olduğu kimi Azərbaycan iqtisadiyyatına da ağır təsir edib.

Əvvəla, pandemiya səbəbindən dünyada neft kəskin ucuzlaşıb. «Azəri Layt» markalı xam neftin, hansı ki, büdcədə qiyməti 55 dollar götürülmüşdü, dünya bazarlarında satış qiyməti iyun ayında orta hesabla 38 dollar olub. Bu ilin əvvəlindəki qiymətdən 40,3%, büdcədə nəzərdə tutulan qiymətdən isə 24% azdır.

“Qeyd  edilən  proseslər  Azərbaycan  iqtisadiyyatına  da  təsirsiz  ötüşməmiş,  ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olmuşdur. Cari ilin mart ayından başlayaraq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması  məqsədilə  tətbiq  edilən  xüsusi  karantin  rejimi  və  sosial  təcrid  tədbirləri  ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olmuş, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərmişdir”-deyə Nazirlik bildirir.

Bununla  yanaşı,  ölkədə  iqtisadi  aktivliyin  zəifləməsi  nəticəsində  qeyri-neft  gəlirlərinin azalması   və   digər   maliyyələşmə   mənbələrinin   daralması   dövlət   büdcəsinin   icrasında ahəngdarlığın,  habelə  onun  gəlirləri  və  xərcləri  arasında  tarazlığın  pozulması  təhlükəsini yaradıb.

Belə ki, cari ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi real ifadədə 2,7 faiz, o cümlədən qeyri neft-qaz ümumi daxili məhsulun həcmi 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o cümlədən qeyri neft–qaz sektoru üzrə 15,5 faiz  azalmış,  kənd təsərrüfatı,  informasiya və rabitə sahələri istisna olmaqla,  ümumi daxili məhsulun strukturuna daxil olan digər sahələr üzrə azalma müşahidə olunub. 2020-ci ilin 1 iyul tarixinə ölkənin valyuta ehtiyatları 51,1 milyard ABŞ dollarına bərabər olub.

Doğrudur, hələlik büdcənin icrası ilə bağlı problem olmayıb. 

Operativ məlumata əsasən 2020-ci ilin ilk altı ayında dövlət büdcəsinin mədaxili 11 684,5 milyon manat proqnoza qarşı 12 022,7 milyon manat və ya 2,9 faiz artıqlaması ilə icra olunub.

Büdcənin xərcləri də artıb. İlk 6 ayda dövlət büdcəsinin xərcləri 11 625,7 milyon manat proqnoza qarşı 11 730,8 milyon manat və ya 0,9% artıq icra edilib.

2020-ci ilin ilk altı ayında dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan 58,8 milyon manat profisitdən 233,1 milyon manat çoxdur.

İqtisadi geriləmə 5%-ə çatacaq

İqtisadiyyat Nazirliyi may  ayında cari ilin sonuna ümumi daxili məhsululn 3,8 faiz azalacağına dair verdiyi proqnozu iyul ayında yeniləyərək 5,0 faiz ətrafında qərarlaşacağını, “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiymətinin təsdiq olunmuş  proqnoza  nisbətən  (55  ABŞ  dolları)  20  ABŞ  dolları  azalaraq  35  ABŞ  dolları səviyyəsində olacağını proqnozlaşdırır.

Pandemiya səbəbindən yaranan vəziyyəti nəzərə alaraq hökumət səhiyyə sahəsinin artan ehtiyaclarını ödəmək, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyi göstərmək, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün dövlət büdcəsinin xərclərinin artırılmasını qərara alıb.

Beləliklə, ilk altı ayın nəticəsinə görə gəlirlər üzrə artıq daxilolmalar da nəzərə alınmaqla cari  ilin  sonuna  dövlət  büdcəsinin  gəlirləri  və  kəsirinin  maliyyələşdirilməsi  üzrə daxilolmaların cəm olaraq 927,5 milyon manat azalması gözlənilir. Azalmanın (390 milyon manatı neft gəlirlərinin, 500,5 milyon manatı qeyri-neft gəlirlərinin, 37 milyon manat isə kəsirin maliyyələşdirilməsinin payına düşür.

Digər tərəfdən, yeni vəziyyəti nəzərə almaqla dövlət büdcəsinin xərcləri üzrə əlavə 1 371,5 milyon manata tələbat yaranıb.

Nəticədə dövlət  büdcəsinin  azalan  gəlirləri  və  artan  xərclərini  tarazlaşdırlması  üçün 2 299 milyon manat maliyyə təminatının yaradılmasına ehtiyac var.

 

Bunu ödəmək üçün

– dövlət büdcəsinin  qeyri-vergi  və  rüsum  daxilolmaları 880  milyon manat artırılılacaq,

– dövlət büdcəsinin vacib olmayan xərclərinin ixtisarı və qənaət  nəticəsində 774  milyon  manata qənaət ediləcək,

– dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində əlavə genişləndiriləcək.

Nəticədə dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəriciyə nisbətən 10,5 milyon manat azalaraq 24 124 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat  artırılaraq  27 492,2  milyon  manat,  dövlət  büdcəsinin  kəsiri  isə  608  milyon  manat artırılaraq 3 368,2 milyon manat təşkil edəcək.