Son iki ayda Aşqabadın dövlət mağazalarında siqaret satılmır. Virtualaz.org “Türkmənistan Xronikası” saytına istinadla xəbər verir ki, əvvəllər həmin mağazalarda “Modern”, “Extra”, “Bon” markalarından olan ucuz siqaretlərin qutusunu 30 manatdan satırdılar. İndi isə həmin siqaretləri ancaq özəl mağazalardan tapmaq olar-qutusu 100 manata və ya dənəsi 5 manatdan.

Özəl mağazalara siqaretlər yerli Qızıl Aypara Cəmiyyəti üzərindən daxil olur. Cəmiyyətin rəhbəri prezidentin bacısıdır. Mağazaların anbarları siqaretlə o dərəcədə dolub ki, indi siqaretləri, o cümlədən adı çəkilən markalardan olanları açıq havada, çardağın altına yığırlar.

Türkmənistanda ictimai yerlərdə siqaret çəkməyə görə sərt cəzalar hökm sürür. Dövlət mağazalarında siqaret qıtlığı daha əvvəl iyun ayında yaşanırdı. O zaman kommersiya mağazalarında siqaretin qiyməti 40-200 manat arasında dəyişirdi.

Virtualaz.org