Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin kommersiya bankları ilə bu gün keçirilmiş görüşün ilkin nəticələri məlum olub. Fins.az-ın görüş iştirakçısı olan kommersiya banklarına istinadən məlumatına görə, AMB-nin baş direktoru Rəşad Orucovun iştirakı ilə keçirilən görüşdə “üzən məzənnə” rejiminə keçilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, bankların xarici öhdəlikləri, kredit portfelindəki vəziyyət, stress-testlər, 2016-cı ildə bankların fəaliyyəti ilə bağlı planlar müzakirə olunub.

Bank nümayəndəsi bildirib ki, görüşdə bankların birləşməsi məsələsi əsas mövzulardan biri olub: “Əslində konsolidasiya mövzusu AMB-nin ölkə bankları ilə bütün görüşlərdə səsləndirilir. Bu dəfə isə AMB yaranmış yeni vəziyyətdə bir daha bankları konsolidasiya proseslərinə diqqət yetirməyə səsləyib”.

Görüşdə mühakirə olunan digər mühüm məsələ dollarla krediti olan müştərilərlə bağlı siyasət olub. Görüşdə bildirilib ki, ölkə bankları belə müştərilərə müəyyən güzəştlər edə bilərlər. Belə müştərilərin ödəmə qrafikinə və kredit qrafikinə yenidən baxılması, xüsusilə də borcunu qaytarmaqda çətinlik çəkən müştərilər üçün kreditlərin müddətinin uzadılması, eləcə də kreditlərin ödənilməməsinə görə, tətbiq olunan cərimə və sanksiyaların silinməsi ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə Bankların xarici öhdəlikləri və ona əməl edilməsi ilə bağlı yaranmış situasiya diqqət mərkəzində olub. Bankirlər bu mövzu, xüsusilə də gündəlik fəaliyyətlərinin tənzimlənməsi və AMB-nin normativləri ilə bağlı müəyyən məsələləri qaldırıblar. AMB ölkə banklarını əmin edib ki, yaranmış vəziyətdə onlara lazım olan dəstək veriləcək. Görüşdə bildirilib ki, artıq Mərkəzi Bank yaranmış vəziyyətdə maliyyə sektoruna dəstək üzrə 1-ci dəstək paketini hazırlayıb və təsdiqlənmək üçün müvafiq dövlət qurumlarına təqdim edib. «”Banklar bu görüşdə AMB-dən eşitmək istədiklərini eşitdilər” – deyə fins.az-ın həmsöhbəti bildirib.

Görüşdə bildirilib ki, AMB-nin ölkə banklarının fəaliyyətini tənzimləyən prudensial tənzimlənmə qaydalarına və normativ aktlara yenidən baxılacaq və bu sənədlərdəki tələblər yumşaldılacaq. Belə ki, artıq kapital adekvatlığına olan tələb aşağı salınacaq, ehtiyat normaları, xüsusilə istehlak kreditləri ilə bağlı ehtiyat normativləri aşağı salınacaq. AMB-nin indiyə qədər qəbul etdiyi sənədlər arasında bir müştəriyə verilən kreditin məbləği ilə bağlı normativlər dəyişdiriləcək. Eləcə də qeyd edilib ki, bankların fəaliyyəti ilə bağlı 2016-cı ilin əvvəlindən qüvvəyə minməsi nəzərdə tutulan bəzi məhdudlaşdırıcı sənədlərin 2017-ci ilədək təxirə salınması nəzərdə tutulub. Fins.az-ın həmsöhbəti bildirib ki, hələlik bu dəyişikliklərin bank sektoruna hansı məbləğdə dəstəyə səbəb olduğunu dəqiqləşdirmək mümkün deyil, «amma ilkin addım olaraq bu dəstək ciddidir».