Dünən elan olunan devalvasiyadan sonra “Binə” ticarət mərkəzində alver “ölüb”. Artıq yüzlərlə mağazanın qapısına qıfıl vurulub.
Bu gün bir qrup sahibkar ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovadan icarə haqqının azaldılmasını tələb edib. Əks halda ticarət mərkəzində alverin dayanacağı elan olunub.
“Gələn aydan mağazanı təhvil verəcəm. Dollar bahalaşdığından malların qiymətini qaldırmağa məcburam. Heç bu qiymətə paltar alan yox idi. Qiymətlər qalxandan sonra bazara gələn olmayacaq” – bunu “Binə”də alver edən Nuru Həsənov deyir.
N.Həsənov əlavə edir ki, qonşu mağazaların sahibləri ilə dünəndən çıxış yolu axtarırlar: “Mən bu mağazanın sahibinə ayda 2300 manat icarə haqqı ödəyəm. Bundan əlavə, bazar rəhbərliyinə yer haqqı verirəm. Vergi, Sosial Müdafiə Fonduna ödəniş, işıq pulu da nəzərə alınsa, aylıq 3 min manat xərcim çıxır. Hələ üstəlik mühafizə üçün də pul yığırlar. Buna görə də mağazanı boşaltmaq istəyirəm”.
Qonşu mağazanın sahibi Ənvər Məmmədov da söhbətə qatılır: “1-ci və 2-ci cərgədə alver edənlərin bir neçəsi rəhbərliklə görüşüb. Guya ki, hər mağazaya 100 manat güzəşt ediləcəyini deyiblər. Bu qədər xərcin qarşısında 100 manat nə işə yarayacaq? Deyirlər yer haqqı da, vergi də ödənilməlidir. Hər gün işə gələndə 1 manat pul veririk. Dünyanın hansı yerində işləyənlər giriş-çıxışda pul ödəyir? Hansı iş yerində tualetə görə pul alınır?”
Devalvasiya xəz paltar və digər bahalı geyim mağazalarına daha çox təsir edib.
Xəz kürklər satışı ilə məşğul olan Sahib Səfərov söyləyir ki, bu gündən malların qiymətini artırıblar: “Mövsüm olmasına baxmayaraq alıcı yoxdur. 400 manata aldığımız üst geyimini 250 manata təklif edirdik. Amma indi qiymətləri bir qədər artırdıq. Çünki yenidən mal gətirməyə imkan yoxdur. Devalvasiya şəxsən mənə 100 min manatdan çox ziyan vurdu”.
S.Səfərovun sözlərinə görə, mağazanın icarə haqqı yerləşdiyi cərgəyə, ərazisinə görə dəyişir: “Məsələn, bizim mağazanın sahəsi 40 kvadratmetrdir. Mən 2 min manat ödəyirəm. Amma aylıq xərc 2500 manatdan çox olur. Hələ satıcılara da maaş veririk”.
Sahibkarlar icarə haqqının azaldılması üçün müraciət edəcəklərini də deyirlər: “Hələlik gözləyirik, görək müraciət edənlərə nə cavab verəcəklər”.
Qeyd edək ki, ticarət mərkəzində 3-cü cərgədən başlayaraq bağlanan mağazaların sayı artır. Bəzi cərgələr ümumiyyətlə boşaldılıb. Satıcılar fevralda baş verən devalvasiyadan sonra alverin zəiflədiyini, buna görə də 600-dək mağazanın bağlandığını deyirlər. Dünəndən başlayaraq isə bağlanan mağazaların sayı durmadan artır.
Satıcı Tahirə Xıdıyeva bildirir ki, gələn aydan həm bahalıq, həm də qıtlıq olacağını gözləyir: “İndi əksəriyyətin malı var, qış mövsümünə görə gətirmişdik. Əsl bahalıq mal qurtarandan sonra hiss olunacaq. Məsələn, mən daha mal gətirməyəcəm. Mağazanı bağlayıb təhvil verəcəm. Burada sürünməkdənsə bazarda göyərti satmaq sərfəlidir”.
Rahib Məmmədov isə mağazanı təhvil verərək piştaxta kirayələyib:“Bankdan kredit götürüb mal almışam. Krediti ödəyə bilmirdim, buna görə də mağazanı təhvil verdim, piştaxtada alver edirəm. 3 azyaşlı övladım var, onları dolandırmağa məcburam”.
“Binə”dən fərqli olaraq “Sədərək” ticarət mərkəzində bağlanan mağazaların sayı azdır. Lakin alver olmadığından bazar “can verir”.
Ticarət mərkəzinin əsasən “Şirniyyat” adlandırılan ərazisində alıcı gözə dəyirdi. Geyim, çilçıraq, oyuncaq mağazalarının sahibləri isə dolların bahalaşmasından sonra alıcılıq qabiliyyətinin zəifləməsindən şikayətçidir.
Satıcı Fazil Quliyev bu gün alverin zəiflədiyini deyir: “Alıcılar daha çox Yeni il hədiyyələri alırlar. Ötən ilin bu vaxtında bazar qaynayırdı. İndi isə hətta şənbə-bazar da alver zəif olur. Dollar bahalaşandan sonra isə ümumiyyətlə heç nə sata bilmirik”.
Xırdavat mallarının qiymətində artım yoxdur. Lakin çılçırağın qiyməti nisbətən artıb. Satıcılar dünəndə cüzi də olsa bahalaşmanın olduğunu etiraf edirlər.
“Sədərək”də yerləşən “Elit” ticarət mərkəzində də bir neçə mağazanın üzərinə qıfıl vurulub. İkinci mərtəbədə yerləşən mağazaların əksəriyyəti boşaldılıb.
Kişi geyimlərinin satışı ilə məşğul olan Azər Məmmədov deyir ki, son 2 gündə heç nə sata bilməyiblər: “Dolların bahalaşması daha çox geyim mağazalarına ziyan vurdu. Tək biz deyilik, qonşu mağazaların da qapısını açan yoxdur. Indi əhali ərzağı güclə alır. Qiymətləri artırmasaq, yer pulu verə bilmirik, ucuz satanda isə sərf eləmir”.
Qeyd edək ki, dolların bahalaşmasından sonra “Sədərək” ticarət mərkəzində bir sahibkarın öldüyü bildirilir. Elə bazarda dollar, kredit, devalvasiya əsas müzakirə mövzusudur.
Hətta arabada yük daşıyanlar belə “vallah, sərf eləmir” deyə verilən pula etiraz edirlər…
Ülviyyə Xudiyeva
Fotolar Samirə Həsənovanındır
Virtualaz.org