Çinin bəzi böyük bankları bu ölkədə daşınmaz əmlak böhranı fonunda kredit riskini cilovlamaq məqsədilə kiçik kreditorlar üçün aktivlərin keyfiyyətinə nəzarəti və banklararası kredit standartlarını sərtləşdirib.

“Report”un xəbərinə görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ölkənin azı iki ən böyük bankı son bir neçə ay ərzində kiçik kreditorların aktivlərinin keyfiyyətini və yüksək defolt riskini müəyyən etmək üçün yoxlamalar aparır. Mənbə qeyd edib ki, banklardan biri aktivləri 40 milyard ABŞ dollarından az olan kiçik kredit təşkilatlarının buraxdığı istiqrazların alışını tamamilə dayandırıb.

Bundan başqa, Çinin iki dövlət bankı banklararası kredit limitlərini aşağı salmaq və yüksək riskli hesab edilən kiçik banklar üçün belə əməliyyatlar üçün daha qısa müddətlər təyin etmək qərarına gəlib. Söhbət Çinin şimal-şərqindəki Henan və Ney-Menqu vilayətlərində fəaliyyət göstərən banklardan gedir. Qeyd edək ki, Çinin orta və kiçik bankları banklararası kredit bazarında ticarət həcminin təxminən yarısını təşkil edir.

Bu addımlar daha da pisləşən daşınmaz əmlak böhranı səbəbindən Çinin kiçik banklarının sağlamlığı ilə bağlı artan narahatlıqlar fonunda atılıb. Amma bu ehtiyatlı yanaşma kiçik bankların vəziyyətini daha da pisləşdirə bilər, çünki onların kredit vermək imkanları daha azdır: iri banklar kredit vermək üçün maliyyə mənbəyi kimi müştərilərin depozitlərindən istifadə edirlər, kiçik oyunçular isə bu vəsaitləri cəlb etmək üçün rəqiblərdən borc alırlar.

Bu arada, Çin iqtisadi artımın yavaşlaması və bunun ölkənin maliyyə sisteminə təsiri ilə mübarizə apararkən, yerli hakimiyyət orqanları bank sistemini dəstəkləmək üçün tədbirlər görüb. Söhbət ilk növbədə ölkədə maliyyə sabitliyini qorumaq üçün kiçik banklardan gedir. Dəstək tədbirləri çərçivəsində yerli hakimiyyət orqanları rekord həcmdə xüsusi istiqrazlar satıblar. Onlardan cəlb olunmuş vəsaitlər problemli kiçik regional bankların kapitalına yönəldilib.

“Reuters”ə danışan mənbənin sözlərinə görə, təxminən 4 000 kiçik bank özülüyündə sistem riski kimi nəzərdən keçirilmir: “Narahatlıq ondan ibarətdir ki, onların çoxu əsasən pul bazarında qısamüddətli borclanma hesabına özlərini maliyyələşdiriblər. Odur ki, əgər onların bəziləri müflis olarsa, bu bank sektoru üçün kollektiv təhdid yaradacaq”.