Dərmanların qiymətinə yenidən baxılacaq. Dolların məzənnəsinin dəyişməsi dərmanların qiymətinə təsir göstərəcək.
Fins.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O bildirib ki, Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları tərəfindən müraciət olunub:
“Bu günlərdə şuranın növbəti iclası olacaq. Qiymətlərə yenidən baxılacaq. Bu zaman dərmanların qiymətlərinin neçə faiz artacağına qərar veriləcək. Çünki Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycanda qeydiyyatdan keçən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydaları təsdiqlənib”.
Onun sözlərinə görə, qaydalara əsasən valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq:
“Təbii ki, qiymətlərin artıq olması qaçılmazdır. Lakin yeni qiymət əvvəlki qiymətlərdən aşağı olacaq. Çünki hazırda bəzi dərmanların qiyməti bir neçə dəfə aşağı salınmışdı. Yəni qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq”.