Dünən, fevralın 14-də Amerikanın şəbəkə avadanlığı təchizatçısı “Cisco” işçilərinin 5%-ni – 4.2 mindən çox insanı ixtisar edəcəyini açıqlayıb. İşçilərin ixtisarı şirkətin restrukturizasiya planlarının bir hissəsidir. “Cisco” ikinci rübün maliyyə nəticələrini də təqdim edib. Bu dövr üzrə gəlir 6% azalaraq 12.8 milyard dollara, xalis mənfəət 5% azalaraq 2.6 milyard dollara düşüb. Hesabatın dərcindən sonra şirkətin birjadankənar ticarətdəki payı 5%-dən çox azalıb.
“Cisco” son illərdə ixtisarlar elan edən daha bir texnologiya nəhəngidir. Sektorda geniş miqyaslı ixtisarlar 2022-ci ildə başlayıb, səbəblər iqtisadi qeyri-sabitlik, COVID-19 pandemiyası zamanı kadrların əhəmiyyətli dərəcədə artması, həmçinin generativ süni intellekt kimi yeni fəaliyyət sahələrinə yenidən diqqətin yönəldilməsidir.
“Layoffs.fyi” xidmətinin hesablamalarına görə, ilin əvvəlindən texnologiya şirkətləri 35 minə yaxın əməkdaşını ixtisar edib. Bu yaxınlarda “Microsoft”, “Snap”, “eBay” və “PayPal” və başqaları tərəfindən azalmalar barədə məlumat verilib. Ötən il sektordakı şirkətlər 263 min iş yerini ixtisar edib.