Dünyada sirk şouları ilə tanınan Kanadanın “Cirque du Soleil Entertainment Group” şirkəti iflasdan qorunma prosedurunun başlandığını elan edib.

APA-Economics”in “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, tamamilə bağlanmamaq üçün şirkət işçilərinin 90%-dən çoxunu (3 500 nəfərə yaxın) ixtisar edəcək. Mart ayında işçi heyəti ödənişsiz karantin məzuniyyətinə göndərildi, lakin indi demək olar ki, işçilərin əksəriyyəti işdən çıxarılacaq. Nəticədə, sirkdə cəmi 213 nəfər işçi qalacaq. İşdən çıxarılan əməkdaşlar üçün 15 mln. ABŞ dolları məbləğində yardım fondunun yaradılması planlaşdırılır.

“Son 36 ildə “Cirque du Soleil” olduqca uğurlu və gəlirli bir təşkilat idi. Lakin COVID-19 səbəbindən bütün şoularımızı məcburi bağladıqdan sonra sıfır gəlir əldə etməklə rəhbərlik şirkətin gələcəyini qorumaq üçün qətiyyətli hərəkət etməli oldu”, – deyə “Cirque du Soleil”in rəhbəri Daniel Lamar bildirib.

Biznesin restrukturizasiyasından sonra “Cirque du Soleil” fəaliyyətini davam etdirməyi və işçilərin qəbulunu həyata keçirməyi planlaşdırır. Şirkətdən həmçinin bildirilib ki, sirkin atdığı bu addım Las-Veqas və Orlandoda təşkil olunan rezident şoularına təsir göstərməyəcək.

Qeyd edək ki, “Cirque du Soleil” pandemiya səbəbindən bu il 44 tamaşası üzrə işini dayandırıb. Bu günə qədər şirkət Çində bir şousu bərpa edib və iyul ayında Meksikada daha bir şou ilə çıxış etmək niyyətindədir.

Biznesi xilas etmək məqsədilə şirkət mövcud səhmdarlarla (TPG, “Fosun International” və “Caisse de depot et placement du Quebec” investisiya şirkətləri ilə) müqavilə bağlayıb. İnvestorlar şirkətin bir hissəsini işçilərə və müstəqil podratçılara kömək üçün 20 mln. dollar məbləğində iki fondun yaradılması müqabilində – 15 mln. dollar və 5 mln. dollar qarşılığında alacaqlar. Əvvəllər şirkətə 1 mlrd. dollar ayıran kreditorlar şirkətdəki 45%-lik paya sahib olacaq.

İnvestorlar həmçinin borc faizlərinə xidmət etmək və pandemiya zamanı tamaşaları qaçıran izləyicilərə pulları geri qaytarmaq üçün “Cirque du Soleil”ə təxminən 300 mln. dollar ayıracaq.