Böyük Britaniyada hökumət tərəfindən verilən müvəqqəti mənzillərdə yaşayan evsiz ailələrin sayı rekord həddə çatıb.

AZƏRTAC xəbər verir ki, 117 mindən çox ailə hazırda bu mənzillərdə yaşamaqdadır. Bu, 1998-ci ildən bəri aparılan statistikada ən yüksək rəqəmdir.

Bildirilib ki, Britaniyadakı evsizlik problemi daha çox uşaqlı ailələrə təsir edir. Müvəqqəti mənzillərdə yaşayan ailələrin 74 minə yaxını uşaqlı ailələrdən ibarətdir. Bu da əvvəlki illə müqayisədə 14,7 faiz artım deməkdir.

Mənzil, İcma və Yerli İdarəetmə Nazirliyi tərəfindən yayımlanan statistikaya əsasən, bu il Böyük Britaniyada küçələrdə gecələyənlərin sayı da əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu ilin iyun ayında yalnız bir gecədə ilk dəfə küçələrdə gecələyən 1013 insan qeydə alınıb. Bu da 2023-cü ilin iyun ayına nisbətən 21 faiz artımı deməkdir.