Yanvarın 17-də SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib və faiz ödənişləri istiqraz sahiblərinin bank hesablarına köçürülüb. Bu barədə “SOCAR Capital” MMC-nin Müşahidə Şurasının sədri, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

 

O bildirib ki, SOCAR istiqrazlarının buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub: “SOCAR istiqrazlarının buraxılması ilə əhalinin yığımlarının iqtisadi proseslərə cəlb olunması və istifadəsiz vəsaitlərin öz sahiblərinə fayda gətirməsi üçün əlverişli imkan yaradılıb. Nəticədə, istiqrazlara yatırılan vəsaitlər bu gün öz sahiblərinə ilk gəlirlərini gətirib”.

 

S. Qasımov bildirib ki, bu gün həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 1 mln. 250 min dollar həcmində faiz ödənilib. Bu vəsait istiqraz sahiblərinin bank hesablarına köçürülüb və vətəndaşlar pulları istədikləri kimi istifadə edə bilərlər.

 

Bildirilib ki, SOCAR istiqrazlarının buraxılmasından əldə edilən vəsaitlər şirkətin maliyyələşmə imkanlarının şaxələndirilməsi, xaricə faiz ödənişlərinin azaldılması və faizlərin xaricə deyil, ölkə daxilinə, ölkə vətəndaşlarına ödənilməsi üçün istifadə edilib.

 

“Məhz belə əlverişli şərtlərə görə SOCAR istiqrazlarının ilkin buraxılışı zamanı investorlar tərəfindən 200 mln. dollardan artıq tələb qeydə alınıb ki, bu da istiqrazların ümumi həcmindən iki dəfə artıqdır. SOCAR istiqrazlarının təkrar bazarı da həddən artıq aktiv olub. Bu kağızların dövriyyəyə buraxılmasından keçən 3 ay ərzində təkrar bazarda istiqrazlar üzrə 40 mln. dollara yaxın əməliyyat aparılıb. Təkrar bazarda istiqrazlara fiziki şəxslərin marağı xüsusi ilə böyük olub”, – deyə S.Qasımov vurğulayıb.

 

Təkrar bazarda istiqrazları Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar da alırlar. Bu sahədə Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları daha fəaldırlar.

 

SOCAR-ın qiymətli kağızlarının emissiyası üzrə baş məsləhətçisi və “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Əli Ağaoğlu bildirib ki, hazırda SOCAR İstiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli sayıla bilər: “SOCAR bəyan edib ki, istiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1000 dollara almağa hazırdır. Bu şərtlər investorlar üçün 100%-lik zəmanət deməkdir və indiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb”.

APA