Maliyyə Nazirliyi rəhbərinin əlavə vergi endirimləri ilə bağlı açıqlamasından sonra maliyyə qurumları şərtlərə yenidən baxmağa qərar verib

Böyük Britaniyanın ən böyük bankları funt sterlinqin sürətlə ucuzlaşması fonunda yeni müştərilərə ipoteka krediti təklifini müvəqqəti olaraq dayandırıblar.

Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı BBC məlumat yayıb.

Çərşənbə axşamı günü sabit faizli kreditlərin verilməsini dayandıracağını ilk elan edən qurum “Halifax” olub. “Virgin Money” və “Skipton Building Societ” nümayəndələrinin bildirdiyinə görə, bazarda qeyri-sabit vəziyyətə görə yeni müştərilərlə ipoteka əməliyyatları dayandırılır. Onların elanında deyilir ki, “banklar funt sterlinq rekord həddə düşdükdən sonra inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artıracaqlar”.

Maliyyə Nazirliyinin rəhbəri Kvazi Kvartenqin əlavə vergi endirimləri ilə bağlı verdiyi açıqlamadan sonra maliyyə qurumları kredit şərtlərinə yenidən baxmaq qərarına gəliblər. Trinity Financial-dan Aaron Strutun sözlərinə görə, “nazirin vergi endirimləri ilə bağlı açıqlaması ipoteka bazarında böhrana səbəb olur”.

İngiltərə Mərkəzi Bankının nümayəndələri noyabrın 3-də keçiriləcək iclasda bu addımların tam qiymətləndirilməsini aparacaqlarına söz veriblər.

Sentyabrın 23-də Böyük Britaniyanın maliyyə naziri gəlir vergisinin maksimal dərəcəsinin 45%-dən 40%-ə endirilməsi barədə məlumat verib. Belə bir qərar inflyasiyanın daha da artımasına gətirib çıxara bilər. Ölkədə inflyasiya son 40 ilin maksimal dəyəri olan 9,9% səviyyəsindədir.