Azərbaycanda borclu şəxslərin ölkədən çıxışına qoyulan məhdudiyyətin (STOP-un) avtomomatik olaraq götürülməsi bağlı yeni sistem işə düşəcək.

Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin informasiya komunikasiya və texnologiyalar idarəsinin rəisi Ağakırim Səmədzadə bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Ədliyyə Nazirliyi öhdəliyi olanların borcunu ödəyərək məhdudiyyətin avtomatik aradan qaldırılması ilə bağlı yeni sistemi təqdim edəcək: «Bilirsiniz ki, bizim hava limanında «Elektron ədliyyə» köşkü var. Hazırda həmin köşk vasitəsilə ölkədən uşaqların çıxarılması ilə bağlı valideynlərin icazəsi rəsmiləşdirilə bilirdi. Bu proses artıq bir ildir ki, mövcuddur. Yaxın günlərdə isə həmin köşklər vasitəsilə ölkədən çıxan şəxslərin borclarını ödəmək imkanı yaradılacaq».

Nazirliyin nümaynədəsi bildirir ki, bu prosedə süni intellektin imkanlarından istifadə ediləcək: «Orda imkan var ki borcunuzu ödəyəsiniz və elektron qərar verilməlidir. Yəni gecə də olsa sistem görməlidir ki, pul ödənilib. Bunda süni intellektin elementləri var. Bu günlərdə o artıq istifadəyə veriləcək».

A.Səmədzadənin sözlərindən məlum olur ki, sərhəddə borcun ödənilməsi sadə proses olacaq: «Misal olaraq gəlirsiz sərhədə və orada məlum olur ki, borcunuz var və sərhəddən keçə bilməzsiniz. Bu zaman həmin borcu asanlıqla ödəyə bilərsiz. Artıq banka ödəmək, icraçının yanına getmək, əriza aparmaq , qərarı gözləmək, sonra qəraraı təsdiqləmək, sonra Daxili İşlər Nazirliyinə göndərmək ki, onlar iş qaldırsanlar. Bütün bunlar bir neçə vaxt çəkirdi. Artıq o məsələlər olmayacaq».