Azərbaycanda ilk vençur fondu olan “Boğaziçi Ventures” yerli startapları maliyyələşdirməyə başlayır.

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bildirilib.

Məlumata görə, Fondun daxili siyasəti çərçivəsində dəyərləndirməni keçən startaplar investisiya üçün ayrılan 5 mln ABŞ dolları məbləğində vəsaitdən investisiya qazanmaq imkanı əldə edəcək.

İnvestisiya almaq üçün müraciət proseduru 3 mərhələyə bölünür:

Bu gündən başlayan ilk mərhələdə startaplar NRYTN-nin İnnovasiyalar Agentliyinin internet səhifəsində beynəlxalq standartlara uyğun tərtib edilmiş müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Təsnifat anketini doldurduqdan dərhal sonra startapa elektron poçtla aid olduqları kateqoriyaya dair məlumat göndəriləcək. Yalnız A və B kateqoriyalı startapların “Boğaziçi Ventures” fonduna investisiya əldə etmək üçün etdiyi müraciətlərinə baxılacaq. Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: http://innovationagency.az/bv-apply-form/

Müraciətlər dekabrın 2-nə qədər qəbul olunur.

2-ci mərhələdə müraciətləri İnnovasiyalar Agentliyinin əməkdaşları dəyərləndirəcək. Seçim mərhələsindən keçən startaplar müsahibəyə, ilkin qiymətləndirməyə dəvət olunacaq.

Sonda seçim mərhələsini müvəffəqiyyətlə keçən startapların nəticələri yekun dəyərləndirmə üçün “Boğaziçi Ventures” fondunun Türkiyədə yerləşən mərkəzi ofisinə göndəriləcək. Mərkəzi ofisdə investisiya əldə edəcək startaplar və onlara ayrılan investisiyanın həcmi müəyyən olunacaq.

Qeyd edək ki, investisiya qazanan startapların xidmət və məhsullarının ən qısa zamanda xarici bazara ixrac olunması planlaşdırılır.

İnnovasiyalar Agentliyinin “Boğaziçi Ventures” vençur fondu ilə birgə əməkdaşlığı nəticəsində 2021-ci ilin sonuna kimi startapların sürətli inkişafı, xarici bazarlara çıxışının təmin edilməsi, ölkəmizdən texnologiya ixracının artırılması planlaşdırılır. Eyni zamanda Agentlik innovasiya ekosisteminin inkişafını sürətləndirmək üçün müxtəlif inkişaf mərhələsində olan startapları maliyyələşdirən vençur fondlarının Azərbaycana cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.