ABŞ-də yanvar ayı üçün inflyasiya məlumatlarının dərcindən sonra “Bitcoin”in məzənnəsi 50 min dollardan aşağı düşüb. Dünyanın ən populyar kriptovalyutasının qiyməti fevralın 13-də günortadan sonra aparıcı birjalarda 50 min dollardan aşağı olub. “CoinGecko”nun məlumatına görə, Bakı vaxtı ilə saat 19:15-də “Bitcoin” 48.5 min dollara satılıb, hazırda rəqəmsal valyuta 49.5 min dollara ticarət edilir.

İki gün öncə “Bitcoin”in məzənnəsi 2024-cü ilin ən yüksək səviyyəsini yeniləyib. Fevralın 12-də axşam saatlarında kriptovalyutanın qiyməti qısa müddətə 50 min dolları keçib.

ABŞ-də inflyasiya dekabrda 0.2%-dən yanvarda 0.3%-ə yüksəlib və bu, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərini təxirə sala biləcəyi ilə bağlı arqumentləri gücləndirib. Fevralın 13-də günortadan sonra dərc edilən məlumatlar ABŞ-də istehlak qiymətləri indeksinin (CPI) yanvarda daha da azalacağını və dekabrdakı 3.4% ilə müqayisədə 2.9% təşkil edəcəyini gözləyən analitiklərin proqnozları ilə üst-üstə düşməyib.

İnflyasiya göstəriciləri FED-in pul siyasətinə təsir göstərir. Uçot faiz dərəcəsi proqnozlarını izləyən “CME Group”un “Fed Watch Tool” alətinə görə, 13 fevral çərşənbə axşamı günü inflyasiya məlumatları açıqlanmazdan əvvəl FED-in mart ayında uçot dərəcəsini endirmə ehtimalı 15.5% olub. Bir ay əvvəl bu rəqəm 75%-dən çox idi ki, bu da bazar əhval-ruhiyyəsinin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir.