ABŞ-ın xam neft ehtiyatları artır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 500 min barrel (0,1 faiz) artaraq 443,3 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 2,5 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 400 min barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 635 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 2,7 milyon barrel (1 faiz) azalaraq 256,4 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2 milyon barrel azalmışdı.