Son devalvasiyadan sonra bankomatlardan dollar nağdlaşdırmaq çətinləşib.

Azadlıq Radiosu ilə əlaqə saxlayan Bakı sakinləri bankomatlardan dollar nağdlaşdıra bilmədiklərini deyirlər. Özəl səbəblərdən adının açıqlanmasını istəməyən sakin deyir ki, bu sabah – dekabrın 25-də «Bank Standard»a məxsus bankomatlardan dollar çıxara bilməyib. Bunun səbəbini öyrənmək üçün banka müraciət edən vətəndaşa belə deyiblər: «Hazırda bankomatlara dollar doldurulmur. Müəyyən məhdudiyyətlər var».

Bankdan onu da bildiriblər ki, şəxsiyyət vəsiqəsini götürüb pulunu filiallardan əldə edə bilər.

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, banklar devalvasiyanın 3-cü dalğasından və müştərilərin ödəniş qabiliyyətsizliyindən qorxur: “Qeyri-müəyyənlik çoxdur. Əsas səbəb də elə odur”.

Ekspert belə davranmaqla bankların qanunvericiliyi pozmadığını söyləyir: “Onların yalnız manatla əməliyyat aparmaq vəzifəsi var. Hər hansı xarici valyutadan istifadə edib-etməmək öz işləridir”.

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, valyuta riskini düzgün yönəltmədiklərindən əksər bankların valyuta mövqeyi pozulub: “Devalvasiyadan sonra zərərə düşüblər. Ona görə də, valyuta əməliyyatlarını məhdudlaşdırıblar”.

Ekspert özəlliklə manatın üzən məzənnəyə keçməsindən bəri onun sabitliyinə inamın azaldığını bildirir: “Gözlənti – dəyərsizləşmənin davam etməsidir. Güclü dollar alışı var. Bu səbəbdən banklar ehtiyatlı davranır”.

Mənbə:Azadlıq.org