Azərbaycanda ən problemli sahələrdən biri  – məhkəmə qərarların icrası sahəsində maraqlı yeniliklər ola bilər, əgər «İcra haqqında» qanuna Azərbaycan banklarının təklif etdiyi dəyişikliklər qəbul edilərsə.

Sıralarında ölkə banklarını birləşdirən Azərbaycan Banklar Assosiasiyası (ABA) xüsusilə bank-kredit münasibətləri ilə bağlı məhkəmə qərarlarının icrasını yaxşılaşdırmaq üçün «İcra haqqında» qanuna dəyişikliklər təklif edib. FED.az-ın əldə etdiyi sənəddə sözügedən qanundakı bürokratik məqamların çıxarılması, müxtəlif cür yozula bilən və bəzən sui-istifadəyə səbəb olan məqamların dəqiqləşdirilməsi, eləcə də icra haqqının dəqiqləşdirilməsi ilə bağlıdır. Təkliflərdə girov əmlakın satışı ilə bağlı yeniliklər də var. Ümumən bu dəyişikliklər borcluların və icra qurumlarının məsuliyyətinin artırılmasına yönəlib. Beləliklə…

Heç bir əmlakı gizlətmək mümkün olmayacaq

Qanuna təklif edilən dəyişikliklərdən (3.3-cü maddə) biri odur ki, icra məmurları borcluların əmlakı və maddi vəsaitləri ilə bağlı məlumatları elektron portallar vasitəsilə almaq imkanına malik olsunlar. Söhbət bankın pulunu qaytarmayan şəxslərin adına olan daşınmaz əmlak, avtomobil, qiymətli kağızlar, adında varsa kənd təsərrüfatı texnikası və sair əmlaklarjan gedir. Təklif edilir ki, icra məmurları e-gov.az portalına daxil olaraq borcluya aid olan bütün əmlakları görə bilsinlər.

Dərhal işə başlanacaq

FED.az xəbər verir ki, Digər təklif icra prosesinin başlanmasına aiddir. Qanunun 8.6-cı maddəsinə təklif edilən dəyişikliyə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi alındığı gündən icra məmuru dərhal icraata başlamaq haqqında qərar qəbul edir, məcburi qaydada ipoteka predmetini hərracda satmaq üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra tədbirlərini həyata keçirir.

Sənədi geri qaytarmaq olmaz – icra edilməlidir

Digər maraqlı təklif 23.1.2-ci maddənin çıxarılmasıdır. Bu maddədə deyilir ki, əgər borclunun yeri müəyyən edilə bilmirsə, və ya onun banklardakı pulları və qiymətli əşyaları barədə məlumat əldə etmək olmursa, icra sənədi geri qaytarılır, yəni icra edilə bilmir. Dəyişikliyə görə, isə bundan sonra belə hallar olmamalıdır – qərar icra edilməlidir. Bu dəyişiklik icra məmurunun qərarın icrasından yayınmasının qarşısını almalıdır.

Qanunun 24-cü maddəsinə təklif olunan dəyişikliyə görə, icra məmuru borcluya bildiriş göndərən kimi bu barədə tələbkara da məlumat verir. 27-ci maddəyə təklif olunan dəyişikliyə görə isə, borclunun axtarılması haqqında qərar qəbul edildikdən sonra 3 iş günü müddətində icra məmuru bu barədə müvafiq elektron hökümət portalında qeydiyyat aparmalıdır.

Həyat yoldaşından icazə lazım olmayacaq

FED.az xəbər verir ki, ən maraqlı təkliflərdən biri 43.1.1 maddəsinə edilir. Həmin maddəyə görə, məcburi icra tədbirləri çərçivəsində borclunun əmlakının üzərinə həbs qoyula və o satıla bilər. İndi isə təklif edilir ki, bu maddəyə “(ərin/arvadın birgə nikah dövründə əldə etdikləri əmlakda olan payı daxil olmaqla)” sözləri də əlavə edilsin. İlk baxışdan bu təklif yersiz sayıla bilər – məntiqlə onsuz da birgə nigah dövründə alınan əmlakda borclunun da payı var və lazım olarsa o satılmalıdır. Amma banklarda bildirirlər ki, məhkəmə və icra prosesində bu məsələ fərqli yozulur. Bəzən icra xidməti bunun üçün ayrıca məhkəmə qərarı tələb edir, bu isə prosesin uzanmasına, bəzən ümumiyyətlə tormozlaqmasına səbəb olur.

Cəmi 3 günə əmlaka həbs qoyulacaq

Qanunun 50-ci maddəsinə təklif olunan əlavədə isə əmlakın üzərinə həbsin qoyulması sürəti artırılıb. İndi həmin maddəyə görə, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci br ay müddətində onun əmlakına həbs qoyla bilərdi. Təklifdə isə bu müddət 3 günə endirilir.

Problemi kim yraadıbsa, ödənişi də o etməlidir

FED.az xəbər verir ki, «İcra haqqında» qanuna təklif edilən dəyişikliklərin bir hissəsi məhkəmə və icra xərcləri ilə bağlıdır. Bunlardan biri qanunun 52-ci maddəsinə – borclunun əmlakının qiüymətləndirilməsinə aiddir. İndiki qanunda deyilir ki, əmlakın qiymətləndirilməsi ilə bağlı xərclər tərəflər arasında bərabər bölünür – yəni bank və borclu müştəri arasında. Banklar isə bildirir ki, (yəni təklif edir ki) bu xərci avans kimi icra idarəsinin hesabına ödəməyə hazırdırlar. Amma əmlak satılmasa, borclu müştəri bu pulu banka qaytaracaq. Əmlak satıldıqda isə bu pul bankın icra qurumuna ödədiyi icra ödənişindən çıxılacaq.

Eyni yanaşma qanunun 79-cu maddəsinə təklif edilən dəyişiklikdə də özünü göstərir. Həmin maddəyə görə, əmlakın satılması ilə bağlı xərclər icra hərəkətlərinin həyata keçirilməsi xərcləri siyahısından çıxarılıb.

Əmlak hərracındakı monopoliya ləğv olunacaq

Xərclərlə bağlı daha bir dəyişiklik 53-cü maddəyə təklif olunur. Həmin maddəyə iki dəyişiklik ediləcək. Birincisi, əmlakın satışı prosesi sadələşdiriləcək. Belə ki, indiki qanuna görə, girov əmlak yalnız «əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr» tərəfindən satıla bilər. Banklar hesab edir ki, bu şərt girov satışı sahəsində monopoliyaya səbəb olur. Ona görə də təklif edilir ki, həmin ifadə «hərrac təşkilatı» sözü ilə əvəz  edilsin. Belə təşkilat isə istənilən şirkət, o cümlədən bankın özü ola bilər. Yəni bu dəyişiklik baş tutsa, banklar girov əmlakı elə özləri sata biləcəklər.

Əmlak tez satılmalı və qeydiyyatda olanlar çıxarılmalıdır

Həmin maddəyə digər maraqlı dəyişiklik təklifi odur ki, Hərracın keçirilməsi xərcləri ixra ödənişinə aid olsun, indiyədək bu vəsait icra ödənişindən əlavə ödənilirdi. Başqa sözlə, banklar bu xərcin icra qurumunun üzərinə qoyulmasını istəyirlər. «7% alırlarsa, bu prosesin xərcini də çəkməlidirlər»-deyə bankların birindən FED.az-a bildirilib.

Banklar girovun satışı prosesinin də sürətlənməsini istəyirlər. Qanunun 62.1-ci maddəsinə görə, hərrac təşkilatları icra məmurundan sifariş aldıqdan sonra ən geci 2 ay müddətinə hərrac keçirib girovu satışa çıxarmalıdır. İndi isə təklif edilib ki, bu müddət 2 aydan 1 aya enirilsin.

Digər, çox maraqlı yenilik, qanunun 72-ci maddəsinə təklif edilir. Banklar təklif edir ki, satılan yaşayış və ya qeyri-yaşayış sahələrindən ipoteka qoyanın, onunla birgə yaşayanların və digər şəxslərin çıxarılması ipoteka predmetinə tutumanın yönəldilməsi barədə məhkəmə qərarı və ya notariusun icra qeydi əsasında “İpoteka haqqında” Qanunundakı müddətə həyata keçirilir. Bundan başqa, icra idarəsi satılan evlərdəki şəxslərin buradan qeydiyyatdan çıxarılmasına da cavabdeh olsun.

Kreit təminatlıdırsa, ödəniş 7%-dən 3%-ə düşəcək

Qanuna təklif olunan ən həssas dəyişikliklərdən biri 78-ci maddəyə aiddir. Həmin maddəyə təklif edilən dəyişikliyə əsasən, bankların təminatlı (ipoteka, girov, zaminlik və s.) borc tələbləri olan icra işləri üzrə icra məmuru borcludan tutulmalı pul məbləğinin 3 faizi həcmində, təminatsız borc tələbləri olan icra işləri üzrə isə icra məmuru borcludan tutulmalı pul məbləğinin 6 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Başqa sözlə, indiyədək istisnacız olaraq 7%-lə hesablanan icra ödənişi, kreditin xarakterindən asılı olaraq 3-6%-ə enə bilər.

Ölkədən çıxmağa qadağa sərtləşdirilir

Maraqlı təkliflərdən biri Qanunun 84-1.1.-ci maddəsinə edilib. HƏmin təklifə görə, borclunun ölkədən çıxmasına qadağa ilə bağlı məhkəmə qərarı təkcə icra qurumunun təqdimatı əasında deyil, həm də tələbkarın, yəni bankların müraciəti əsasında da qəbul edilsin. Yəni icra qurumunun təqdimatı olmasa da, bankların müraciəti ölkədən çıxmağa qadağa məsələsinə baxılması üçün əsas sayılsın.

Digər təklif isə bu qadağanın götürülməsinə aiddir. Qanunun 84-cü maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın («stop»un) götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir.

Təklifə görə isə, bu qərarı icra qurumunun rəhbəri deyil, məhkəmə qəbul etməlidir. Təklifdə deyilir ki, «stop» üçün əsaslar aradan qalxdıqda icra məmuru bununla bağlı məhkəməyə təqdimat yazır. Öz növbəsində Məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasını aşkar edərsə məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edir.
Başqa sözlə, banklar ölkədən çıxmağa qadağa və bu qadağanın götürülməsi ilə bağlı qərarların qəbulunda həm daha yaxından iştirak etmək istəyir, həm də bu sahədə hazırda icra qurumuna məxsus olan səlahiyyətlərin məhkəməyə verilməsində israrlıdırlar.