Azərbaycanda manatın devalvasiyasından sonra maliyyə sektoru zəif olaraq qalmaqdadır. Beynəlxalq Vayuta Fondunun (BVF) Azərbaycandakı missiyasının yeni rəhbəri Məhəmməd əl Qorçi belə hesab edir.
“Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) tövsiyələrinə uyğun olaraq bank sistemi ilə bağlı normativ müddəalar və nəzarət fəaliyyəti əhəmiyyətli dərəcədə möhkəmləndirilməlidir”, – deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, fevral ayında baş vermiş devalvasiyadan (33,5%) sonra dollarlaşmanın kəskin yüksəlməsi, bankların kapital göstəricilərinin pisləşməsi və iqtisadi artım tempinin azalması fonunda maliyyə sektoru çox zəifləyib.
“AMB kreditlərin yenidən strukturlaşması və müəyyən maliyyə dəstəyi ilə yanaşı, açıq mövqelər və kapitalın səviyyəsi üzrə yumşaq normalar tətbiq etməklə reaksiya göstərdi. Zamanla xalis açıq valyuta mövqeləri və kapitala tələblər üzrə zəifləmələri dayandırmaq lazımdır”, – deyə Məhəmməd əl Qorçi hesab edir.
“Hökumətin Azərbaycan Beynəlxalq Bankının yenidən strukturlaşdırılması planına gəlincə, bunu beynəlxalq səviyyədə qəbul edilmiş qabaqcıl praktika tətbiq etməklə həyata keçirmək lazımdır ki, bankın bazar payının azalmasına və gələcəkdə özəlləşdirilməsinə zəmin yaransın”, – deyə o qeyd edib.
Məhəmməd əl Qorçi Azərbaycan üzrə missiyanın yeni rəhbəri olaraq dekabrın 21-də tanışlıq məqsədi ilə ölkəmizə səfər edəcək.
Mənbə: İnterfaks-Azərbaycan