Son vaxtlar Azərbaycanda «nağdlaşdırma» əməliyyatlarının sayının artması müşahidə olunur.

FED.az-ın apardığı müşahidələr göstərir ki, getdikcə daha çox şirkət bəzi əməliyyatlar zamanı nağd vəsaiti «qanuniləşdirmək» və ya nağdsız vəsaiti nağdlaşdırmaq üçün belə üsullardan istifadə edir.

Azərbaycanda nağd əməliyyatları nəzarətə götürmək üçün demək olar ki, bütün dövrlərdə cəhdlər edilsə də, bunarın bir nəticəsi olmayıb. Bir neçə il əvvəl obyektlərin kütləvi Pos-terminallaşdırılması, eləcə də alkoqollu içkilər və tütün məmulatının kartla satışı ilə bağlı radikal qərarlar da bir nəticəs verməyib. Bazarın və iştirakçıların bu yeniliyə hazır olmadığını görən hökumət həmin cəhdləri təxirə salmalı olub.

2016-cı ildən isə bu sahədə daha sərt və sistemli qaydalar qoyulub. 2 il əvvəl qəbul edilmiş «Nağdsız hesablaşmalar haqqında» qanuna görə, nağdlı əməliyyatlara limit tətbiq edilib. Hazırda  ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyicisi olmayan ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ay ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15 min  manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Başqa sözlə, şirkət və sahibkarlar öz bank hesablarından 30 mindən artıq nağd vəsait çıxara bilməzlər. Ekspertlər bildirir ki, son vaxtlar qanunsuz, daha dəqiqi mürəkkəb sxemlərlə nağdlaşdırmaya tələbatın  artması da məhz bu limitlərlə əlaqədardır. Böyük məbləğdə olan əməliyyatları nağd formada həyata keçirilməsi üçün bəzi şirkətlər peyda olub və onlar bundan öz xidmət haqlarını alırlar.

Vergi sahəsi üzrə ekspert Vəli Əliyev FED.az-a açıqlamasında bildirdi ki, qeyri-rəsmi nağdlaşma prosesi daha çox dövlət sifarişlərinin yerinə yetirilməsində, qeyri-rəsmi vəsaitlərin dövriyyədən çıxarılmasında baş verir. Bu əməliyyat hansı mexanızmlə həyata keçirilir?

V.Əliyev misal olaraq qeyd edir ki, «tutaq ki, hər hansı bir MMC-nin sahibi taxta idxalı ilə məşğuldur və onun əlində daim nağd pul olur. Sonra taxta sifariş verən şirkət və ya qurum həmin MMC-nin adına baha qiymətlərlə sənədləşdirmə aparırlar və banka köçürmə edirlər. Yəni məsələn, 10 minlik mal 100 minə sənədləşidirlərək  banka köçürülür. MMC-nin sahibi də köçürülən pulun  90 min manatını nağd pulla geri qaytarır».

“Şirkətə bir materialın alınması lazımdır. Onu bazardan alır, amma sənədləşdirməni həmin nağdlaşdırma işi ilə məşğul olan şirkətlər vasitəsilə aparırlar. Bundan başqa sifariş zamanı malın qiymətini baha göstərirlər. Artıq qalan hissəni qanunsuz yollara əl ataraq həll edirlər”-ekspert deyir.
Ekspertin sözlərinə görə, belə şirkətlərin xidmətləri pulsuz deyil və nağdlaşdırılan vəsaitlərin 10 faizi onlara xidmət haqqı kimi ödənilir.
Ekspert əlavə edir ki, belə əməliyyatlar dövlət satınlamları ilə yanaşı, özəl sektorda da geniş yayılıb.  «Böyük holdinqlər və şirkətlər də qanunsuz nağdlaşdırmaya meyillidirlər. Bunun da başlıca səbəbi dövlət qurumlarında olan bürokratiya, əlavə qeyri-rəsmi ödənişlərin tələbi, nağd ödənişlərə qoyulan limitlərdir»- V.Əliyev söyləyir.

Eskpert deyir ki, qeyri-rəsmi nağd ödənişlərdən idxal-ixrac əməliyyatlarında da istifadə edilir.

Maliyyə sahəsi üzrə ekspert Zaur Əhmədov isə baş verənləri təbbi sayır. Onun sözlərindən aydın olur ki, qeyri-qanuni (əslində bu əməliyyatı qeyri-qanuni adlandırmaq da çətindir, çünki formal olaraq əməliyyat tam qanunidir) nağdlaşdırmada hər iki tərəfin maraqları üst-üstə düşür: «şirkətlərin və ya təşkilatların birinə xərc, digərinə isə dövriyyə lazımdır».

Ekspert bildirir ki, nağdlaşdırma əməliyyatlarına tələbatın artmasının əsas səbəbi bankdan pul çıxarmağa qoyulan limitlərdir: «Vəsaitlərin nağdlaşdırılması limitləşdirilib. Göstərilən limitdən çox nağd vəsaitlə əməliyyatlara inzibati nəzarət gücləndirilib. Ilin sonunda müəssisənin mənfəət vergisi bəyannaməsində bütün xərcləri salmaq mümkün olmur. Ona görə də müəssisələr çalışır ki, dolayısı yollardan istifadə etsinlər».

Z.Əhmədovun sözlərinə görə, bu, biznes üçün süni maneəyə sayılsa da, vergi yığımları üçün sərfəli bir tədbirdir: “Nağdsız əməliyyatlar ölkədə pul dövriyyəsini tənzimləmək üçün daha sərfəli əməliyyatdır. Amma müəssisələr də nağd pul kütləsi olmadan keçinə bilməzlər. Məsələn, şirkət sifariş zaman avans ödəməklə müəyyən bir əməliyyatı həyata keçirməlidir.  Pul hesaba köçürülənə və bankda hesabda oturana qədər vaxt gedir. Qarşı tərəfin isə ən ilkin xərci bağlama pulu yoxdur ki, əməliyyatı həyata keçirsin. Belə vəziyyətdə şirkətlər nağdsız dövriyyəyə üz tuturlar».
Müşahidələr göstərir ki, bəzi şirkətlər əslində qanuni, yəni tam nağdsız və bank köçürmələri ilə işləmək istəsələr də onların əməliyyat apardığı şəxslərin nağd vəsait tələb etməsi və başqa variantın olmaması şirkətləri qanunsuz nağdlaşdırma üsullarına meylləndirir.

«Anbarlarda hələ köhnə qaydalarla idxal olunmuş məhsullar var, eyni zamanda bütün vergi ödəyiciləri tam şəffaf şəkildə vergi ödənişlərini bəyan etmirlər. Ona görə də rəqabət yaranır, nağd pulla aparılan əməliyyatlar daha ucuz başa gəlir, nəinki köçürmə ilə. Hər bir sahibkarın da mənfəət qazanmaq arzusu var və bunun üçün qanunsuz yollara getməyə meyillənir»-deyə Z.Əhmədov bildirir.
Ekspertlər bunun qarşısını almaq üçün müxtəlif üsullar təklif edirlər. Məsələn Vəli Əliyevin sözlərinə görə, qanunsuz nağd ödənişlərin qarşısına almaq üçün köklü islahat aparılmalı, hər bir vətəndaş gəlir bəyannaməsi verməlidir: «Bu gün 1 milyon dollarlıq evi olan adamın gəlirlərinin hardan gəlidiyi məlum olmalıdır. Gəlirlər leqallaşdırılmalıdr».

Zaur Əhmədov isə hesab edir ki, banklarda nağd vəsaitlərin çıxarılması üçün tətbiq edilən limitlər diferensiallaşmalıdır: « Aylıq dövriyyəsi 100 min manat və 10 milyon manat olan ƏDV ödəyicisinə eyni məbləğdə – 30 min manat limit qoyulub, Fikrimcə bu düzgün addım deyil və limit dövriyyədən asılı olmalıdır. Belə olarsa qeyri-rəsmi nağdlaşmalar məhdudlaşar».

Z.Əhmədova görə, ölkədəki bütün işçilərin əmək haqlarının kartla ödənilməsi də şirkətlərin nağd vəsaitlərə tələbatını azalda bilər: «Biznesin bütün sahələri şəffaflaşdırılarsa,    qanunsuz nağdlaşdırmalar  özü tədricən aradan qalxacaq. Bazarda hamı eyni qaydalarla oynayanda buna ehtiyac olmayacaq. Belə əməlliyatları tamam sıfırlamaq mümkün deyil. Sadəcə olaraq, dövlətin özü bütün müəssisələrdə şəffaflıq tələb etməli, stimullaşdırıcı tərbirlər düşünməlidir»-ekspert bildirir.