Bu il Türkiyədə daşınmaz əmlak alan xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.

“APA-Economics” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu ilin ilk yarısında əcnəbilər Türkiyədə 9595 ədəd daşınmaz əmlak alıb.

Hesabat dövründə qardaş ölkədə Azərbaycan vətəndaşları 333 daşınmaz əmlaka yiyələnib. Bu göstərici ilə Azərbaycan beşinci yerdə qərarlaşıb.

Siyahıya İraq başçılıq edir. Belə ki, bu ölkənin vətəndaşları Türkiyədə 1645 ədəd daşınmaz əmlak alıb. İkinci yerdə Səudiyyə Ərəbistanı (1517), üçüncü yerdə (798), dördüncü yerdə isə Rusiya (600) yer alıb.

Qeyd edək ki, əcnəbi vətəndaşların Türkiyədə daha çox əmlak aldığı şəhərlər İstanbul, Antalya, Bursa, Aydın, Ankara və Muğladır.