Dünya bazarında qızıl bahalaşmaqda davam edir. Amerika fond bazarında “Dow Jones” indeksi 0,08% – 25 219,38 bəndədək, “S&P 500” 0,04% – 2 732,22 bəndədək artıb, NASDAQ isə 0,23% – 7 239,47 bəndədək ucuzlaşıb. Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,83% – 7 294,70 bəndədək, Almaniya DAX-I 0,86% – 12 451,96 bəndədək, Fransa CAC-40-ı isə 1,13% – 5 281,58 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,90 dollar bahalaşaraq 1 356,20 dollara, gümüşün unsiyasının qiyməti 0,08 dollar ucuzlaşaraq 16,71 dollara satılıb.

Qeyd edək ki, Azərbaycanda da qızıl istehsalı ildən-ilə artmaqdadır. Ölkəmizdə 2018-ci ilin yanvar ayında 744,8 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 dəfə çoxdur. Rəsmi statistikaya əsasən, 1 fevral 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 40 kq təşkil edib. Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox – 6,391 ton qızıl hasil olunub. 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında birinci yeri 151.6 milyon dollarla pomidor, ikinci yeri isə 125,4 milyon dollarla qızıl tutub.

Buna baxmayaraq, Azərbaycan qızılı hələ də dünya bazarında bir brend olaraq tanına bilməyib. Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur. “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir.

Bəs görəsən, qızılın son həftələrdə bahalaşmasının səbəbi nədir? Azərbaycan qızıl istehsalını artırmaqla ölkəyə əlavə valyuta cəlb edə bilərmi?

Картинки по запросу ekspert Vüqar Bayramov

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, dünya bazarında qızılın qiymətinin yüksəlməsi əsasən dolların son aylarda avroya, o cümlədən aparıcı valyutalara qarşı məzənnəsinin azalması ilə bağlıdır: “Dolların avroya olan məzənnəsində son aylar kəskin azalma müşahidə olunur. Qızıl isə dünya bazarına dollar ilə satıldığına görə və qiyməti dollarla müəyyələşdiyinə görə, dolların ucuzlaşması qızılın qiymətinin artması ilə nəticələnir. Eyni zamanda valyuta bazarındakı qeyri-stabillik investorların bir qisminin qızıla yatırım etməsinə gətirib çıxarıb ki, bu da qızılın qiymətinə təsir göstərir və artımlara səbəb olur. Qızılın qiymətinin artmasının digər bir səbəbi də son zamanlar neftin qiymətində volatilliyin daha yüksək olması ilə bağlıdır. Nəzərə alsaq ki, Texas markalı neftin qiyməti 60 dollardan aşağı düşdü, sonra yenidən 60 dolların üzərinə qalxdı. Amma buna rəğmən volatillik yüksəkdir. Ona görə də, bu neft bazarındakı sərmayələrin bir qisminin qızıl bazarına yönəlməsinə, nəticə etibarilə qızıl bazarında tələbin artmasına və qiymət artımlarına gətirib çıxarır”.

Похожее изображение

İqtisadçı ekspert onu da vurğuladı ki, Azərbaycanın istehsal etdiyi qızıl hələ ki, o qədər də çox deyil və əsasən külçə formasında saxlanılır: “Azərbaycan əhalisinin istehlak etdiyi və bizim daxildə satılan qızılın əhəmiyyətli hissəsi, təxminən 90 faizindən çoxu idxal olunur. Azərbaycan qızıl istehsal etsə də, hələlik bu emal edilmiş qızıl formasında deyil, külçə formasında saxlanılır. Praktik olaraq emaledici sənayedə yerli qızılın payı çox marjinaldır. Azərbaycanın qızıl ehtiyatı olan torpaqlarının bir hissəsi işğal altında olduğuna görə, həmin qızıl yataqlarından istifadə etmək təəssüf ki, mümkün deyil. Bu da bizim qızıl istehsalımıza birbaşa təsir göstərir. İşğal Azərbaycanın qızıl istehsalını azaldan əsas faktorlardan biridir”.

V.Bayramovun sözlərinə görə, bu səbəbdən hələlik yaxın dövrlər üçün Azərbaycan dünya qızıl bazarında böyük paya sahib olmayacaq: “Burada həm torpaqlarımızın işğaldan azad edilməsi faktı, həm də texnoloji yeniliklərin qızıl yataqlarında , həmçinin qızılın işlənməsində tətbiq edilməsi kimi amillər də var. Qızılımız keyfiyyətli qızıldır. Ancaq dünya bazarında xüsusi paya malik olmadığı üçün həllik Azərbaycan qızılı bir brend olaraq özünü təsdiq edə bilməyib. Hazırda Azərbaycan qızılının brendləşməsi prosesi gedir, bu isə kifayət qədər zaman alacaq. O cümlədən Azərbaycan qızılı da keyfiyyətli qızıllardan hesab olunur. Hələlik istehsalımız kiçik olduğuna görə, Azərbaycan qızılının brend kimi tanınması zaman tələb edir”.

“Yeni Müsavat”