Bakı şəhər, Nəsimi rayon məhkəməsinin bu gün keçirilmiş iclasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) müvafiq müraciətinə baxılaraq, bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiya planının təsdiqlənməsinə dair qətnamə qəbul edilib.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumatda deyilir ki, 18 iyul 2017-ci il tarixində ABB-nin kreditorlarının yığıncağı keçirilib və səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs verib, plana “Banklar haqqında” qanuna uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası baxıb.
Xatırladaq ki, planın lehinə səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.