“Azərsun Holdinq” MMC Xaçmaz şəhərində yerləşən Qafqaz Konserv Zavoduna jurnalistlər üçün səfər təşkil edib. APA-nın verdiyi məlumata görə, KİV nümayəndələrinə zavodun fəaliyyəti və istehsal prosesi haqqında geniş məlumat verilib.
“Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bu kimi səfərlərin MMC-nin tabeliyində fəaliyyət göstərən istehsal müəssisələrinə mütəmadi təşkil olunduğunu deyib.

 

Konserv məhsullarının istehsalı zamanı istifadə olunan halal sertifikatlı ətin xarici ölkələrdən alındığı və zavod daxilində fəaliyyət göstərən, ən yüksək avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanıldığı qeyd olunub. Media nümayəndələri istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesi ilə birbaşa tanış olmaq imkanı qazanıb.

 

Jurnalistlərə bildirilib ki, zavod yarandığı gündən indiyədək yerli istehsalçılardan ət qəbulunu həyata keçirmir. “Qafqaz Konserv Zavodunda emal olunan halal sertifikatlı ət Ukraynadan alınır. Buna görə, “Azərsun Holdinq” istehsal etdiyi konserv məhsulları ilə bağlı hər hansı şikayəti qəbul etmir. Qafqaz Konserv Zavodunda yaradılan müasir istehsal imkanları yüksək keyfiyyətli məhsulların istehsalına imkan verir. Zavodda həmçinin xammalın girişindən istehsalına qədər bütün mərhələlərdə yüksək nəzarət mexanizmi mövcuddur”, – deyə holdinq rəsmisi bildirib.
Qeyd edək ki, Qafqaz Konserv Zavodu 2003-cü ildən fəaliyyətə başlayıb. Xaçmaz şəhərində fəaliyyət göstərən istehsal müəssisəsində hazırda 361 nəfər çalışır. Yay aylarında işçi sayı 500-dək artır.