Almaniya Federal Statistika Xidməti (Destatis) qiymət artımı ilə bağlı 2023-cü ilin dekabr ayı üzrə ilkin məlumatları açıqlayıb.

Marja.az xəbər verir ki, Almaniyada 2023-cü ilin noyabr ayında 3,2% olan illik inflyasiya, dekabr ayında 3,7% təşkiı edib. Beləliklə, ölkədə inflyasiyada ardıcıl 5 ay davam edən azalmadan sonra yüksəlib.

Ölkədə inflyasiya səviyyəsi aylıq olaraq 0,1% təşkil edib.

Avropa Birliyi tələblərinə uyğun istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 0,2%, 2022-ci ilin dekabr ayı ilə müqayosədə 3,8% artıb.

“Destatis”, 2023-cü ilin dekabrında Almaniyada inflyasiyanın artmasının 2022-ci ilin dekabrında federal hökumət tərəfindən vətəndaşların təbii qaz və digər istilik ödənişlərinin ödənilməsinin baza effektindən qaynaqlandığını vurğulayıb.

Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan enerji böhranı zamanı Almaniya dövləti milyardlarla avro yardımla şirkətləri və istehlakçıları enerji borclarından azad etməyə çalışıb.

“Destatis”, “Federal hökumətin bu ödənişi 2022-ci ilin dekabrında inflyasiyaya azaldıcı təsir göstərdiyi halda, 2023-cü ilin dekabrında artan təsir göstərib”,- bildirib.

Ötən ilin noyabrında enerji qiymətlərinin düşməsi inflyasiya səviyyəsini 3,2%-ə endirib ki, bu da 2021-ci ilin iyun ayından bəri ən aşağı səviyyədir.

Enerji və qida aylardır Almaniyada ən böyük qiymət təyinediciləri olaraq qalır. 2023-cü ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri bir il əvvələ nisbətən 4,5%, enerji məhsulları isə 4,1% artıb.

Ötən ilin dekabrında enerji və ərzaq məhsulları istisna olmaqla inflyasiya 3,5% təşkil edib.

Digər tərəfdən, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada inflyasiyanın yüksəlməsi investorların Avropa Mərkəzi Bankının (AMB) mart ayından etibarən faizləri azaltmağa başlayacağına dair ümidlərini azaldıb.

2023-cü ildə orta inflyasiya 5,9% təşkil edir

Həmçinin “Destatis” 2023-cü ildə inflyasiyanın orta hesabla 5,9% olduğunu bildirib. 2022-ci ildə ölkədə inflyasiya 7,9%-ə yüksələrək 1951-ci ildən bəri ən yüksək səviyyəyə çatmışdı. 2021-ci ildə orta inflyasiya 3,1% olaraq qeydə alınıb.

Covid-19 pandemiyasından əvvəl inflyasiya – 2019-cu ildə 1,4%, 2020-ci ildə isə 0,5% təşkil etmişdi.