Avro öz dəyərini itirməyəcək, inflyasiya böyük təhlükə deyil və ənənəvi banklarda saxlanılan hesablar təhlükə altında deyil, çünki bu banklar 2008-ci ildəkindən də daha möhkəmdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard deyib.

O bildirib ki, Fransanın, eləcə də Avrozonada olan ölkələrin iqtisadiyyatı hər həftə ÜDM-in 2-3 faizi həcmində tənəzzülə uğrayır. Avropa Mərkəzi Bankının iyun ayı üçün nəzərdə tutduğu 3000 milyard avroluq yenidən maliyyələşdirmə planı xüsusilə kiçik və orta sahibkarlıq üçün yönəlib.

“Dövlətlər bu böhran dövründə iş yerlərinin qorunması və biznesə dəstək tədbirləri görüb. Bu tədbirlər baha başa gəlir. Karantin müddəti 2 ay davam edəcəyi təqdirdə belə, işçilərə qismən işsizlikdə dəstək olmağı bacarmalı, şirkətlər iki ay maliyyələşdirmədən faydalana bilməlidirlər”, – deyə K.Laqard diqqətə çatdırıb.

“COVID-19 pandemiyasına görə daha da artacaq dövlət borcları ləğv edilməyəcək. Bu borclar tədricən ödəniləcək. Əgər büdcə siyasətimizi dərhal sərtləşdirməyə başlasaq və artımı cilovlasaq, acınacaqlı vəziyyətə düşəcəyik. Buna görə borcları tədricən qaytarmaq lazım olacaq. Avro bölgəsi ölkələri ÜDM-nin 19 faizini ödəyəcək. Buna görə borcun amortizasiyası uzun müddət ərzində olacaq”, – deyə o vurğulayıb.