2024-cü ilin yanvarında Argentinada yoxsulluq səviyyəsi 57 faizə yüksəlib.
AZƏRTAC “The Rio Times” qəzetinin saytına istinadla xəbər verir ki, pesonun dəyərdən düşməsi insanların sürətlə yoxsullaşmasına səbəb olub. Nəticədə əhalinin alıcılıq qabiliyyəti və yaşayış standartları da aşağı düşüb.
Araşdırmalar göstərir ki, dövlət yardımı olmadan yoxsulluq səviyyəsi daha acınacaqlı hal ala bilər. Ekspertlər problemin həllinə və davamlı inkişafa nail olmaq üçün bütün dövlət strukturlarının birgə səyinin vacibliyini vurğulayırlar.
“İllərdir ki, Argentina iqtisadiyyatını siyasətlər və qlobal bazar dəyişiklikləri formalaşdırır. Yoxsulluğun artması maliyyə enişlərinin nəticəsidir. İnflyasiya uzun müddətdir ki, əmanətlərə və əməkhaqqına təzyiq göstərən problemə çevrilib”, – deyə qəzetdə dərc olunmuş məqalədə bildirilir.
Ekspertlərin sözlərinə görə, sosial proqramlar problemə müsbət təsir göstərsə də, yoxsulluğu tam aradan qaldırmaq üçün davamlı iqtisadi artıma və daha ədalətli sərvət bölgüsünə ehtiyacı var.