Xəbər verdiyimiz kimi,  2017-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri indeksi 12,5 faiz artıb. Halbuki, ötən ilin müvafiq dövründə əvvəlki illə müqayisədə qiymətlərin ümumi səviyyəsində11,7 faiz artım qeydə alınıb.

Fins.az xəbər verir ki, bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri, 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,4 faiz bahalaşıb. Bu ilin ilk 2 ayında ərzaq məshulları səbətində ən çox bahalaşmaya məruz qalan meyvələr (20,2 faiz), ət məhsulları (19,7 faiz) və qənd, cem, bal, şokolad və konfetlər (17,6 faiz) olub. Qeyr-ərzaq məhsullarına gəlincə, onlardan parçalar (22,6 faiz), ayaqqabı (20,1 faiz) və geyim (18,7 faiz) daha çox bahalaşmaya məruz qalıb.

Xidmət səbətində ən çox bahalaşma kanalizasiya xidmətlərində (250 faiz), elektrik enerjisi təchizatında (33,3 faiz) qeydə alınıb. Çox güman ki, təbii qaz təchizatında bahalaşma cari aydan etibarən başlayacaq və bu da son nəticədə xidmət bölməsində inflyasiyanı daha da yüksəldəcək.

İqtisadçı Qubad İbadoğlu bildirib ki, ilk 2 ayda manatln məzənnəsində sabitlik müşahidə olunsa da bu qiymətlərin artımını dayandırmayıb.

“Əksinə, göründüyü kimi qiymətlər daha sürətlə bahalaşmaqdadır. Burada mövsümi amillərin təsiri və Tarif Şurasının məlum qərarları mühüm rol oynayıb. Amma eyni zamanda bahalaşmanı yaradan ənənəvi faktorlar istehlak bazarında və idxalda inhisarçılıq meyllərinin güclənməsi də inflyasiyanın artımında ciddi rol oynayır. Belə ki, bu dövrdə istehlak bazarında hökmran mövqeyə malik olan “Azərsun” şirkəti müxtəlif porsiyalarla ərzaq mallarının pərakəndə satış qiymətlərini artırıb”.

İqtisadçı idxal məhsullarının da bahalaşdığını vurğulayıb:

“İdxal mallarının strukturuna baxsaq görərik ki, ilin başlanğıcında 2016-cı ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən xam şəkər və şəkər idxalı 35,3 faiz, buğda – 3,4 dəfə, təzə meyvə – 60,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,3 dəfə, çay – 2,8 dəfə, mal əti – 58,6 faiz, təzə tərəvəz – 25,6 faiz, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə artıb. Bu isə onu deməyə əsas verir ki, devalvasiyanın qiymət artımına təsirləri davam etməkdədir”.

Q.İbadoğlunin fikrincə, mart və aprel aylarında qiymətlərin səviyyəsində artım daha da sürətlənəcək, Qiymətlər üzərində ststistik müşahidələr və tendensiyalar göstərir ki, cari və gələn aylarda ən çox bahalaşma ərzaq və xidmət səbətində gözlənilir.