Amerikanın “Apple” şirkəti dünən, mayın 7-də yaz təqdimatında süni intellektlə işləyən M4 prosessorlu yeni iPad Pro-nu təqdim edib. Şirkət həmçinin 13 düymlük displey, Pencil Pro-nu və Magic Keyboard-u nümayiş etdirib.

256 GB yaddaşa malik iPad Pro 13 dövlət vergisindən əvvəl 1299$/$1499 (WiFi/5G versiyası), 2TB-lıq versiya isə 2299$/$2499-a başa gələcək. Güclü yeni M4 çipindən əlavə, iPad Pro 1600 nit-ə qədər parlaqlığa malik Ultra Retina XDR matrisi ilə təchiz edilib. Şirkət planşetlərdəki kamera və mikrofonları da yeniləyib. İndi iPad Pro-nun ön kamerası yan tərəfdə yerləşir.

“Apple” həmçinin 11 və 13 düymlük ekranlı orta qiymətə yeni iPad Air modellərini təqdim edib. iPad Air 11 128 GB – $599/$749 (WiFi / 5G), 1 TB – $1099/$1249, iPad Air 13 128 GB – $799/$949, ​​1 TB – $1299/$1449-a başa gələcək. “Apple”ın qeyd etdiyi kimi, bu planşet 50% daha məhsuldar olacaq. iPad Air üçün daxili yaddaşın minimum həcmi 128 GB-a qədər artırılıb.

Şirkət obyektləri döndərmək üçün Apple Pencil stilusuna giroskop, həmçinin vibrasiya mühərriki əlavə edib. Cihaz ABŞ-da 129 dollara satışa çıxarılacaq, yeni Magic Keyboard isə 299 dollara başa gələcək.