İnternet kommersiya sahəsində Çinin nəhəng “Alibaba Group” şirkəti 2017-ci il iyunun 30-da yekunlaşan rübün hesabatını açıqlayıb.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, hesabat dövründə “Alibaba Group”un gəlirləri 7,403 milyard dollar təşkil edib ki, bu da 1 il əvvəlki göstəricidən 56 faiz çoxdur. Əsas fəaliyyət növü şirkətə 6,347 milyard dollar gəlir gətirib. Bu isə bir il əvvəlkindən 58 faiz çoxdur.

”Bulud” hesablamaları seqmentində gəlir 359 milyon dollar olub ki, bu da illik 96 faiz artım deməkdir. “Rəqəmsal daşıyıcılar və əyləncə” maddəsi üzrə gəlir 1 ildə 30 faiz artıb və pul ifadəsində 602 milyon dollar təşkil edib.

Şirkətin rüb ərzində əməliyyat gəlirləri 2,583 milyard dollar, xalis mənfəəti isə 2 070 milyard dollara bərabər olub.

Hesabatın tərtibatçıları “Taobao” və “Tmall” də daxil, “Alibaba Group” ticarət meydançasının aktiv alıcılarının sayını da hesablayıblar. 12 ay ərzində bu ticarət saytlarının aktiv alıcılarının sayı 466 milyon nəfər qiymətləndirilir. Bir il ərzində bu göstərici 12 milyon nəfər artıb. “Alibaba Group”un ödənişli “bulud” sistemləri istifadəçilərinin sayı bir il ərzində 0,874 milyondan 1,011 milyon nəfərə qədər artıb.