2016-cı ilin yanvar ayında ABŞ-ın Las-Veqas şəhərində illik “Consumer Electronics Show” (“CES”) istehlak elektronikası sərgisi keçiriləcək və bazar ekspertləri artıq aparıcı istehsalçılar tərəfindən təqdim olunacaq yeniliklər barəsində proqnoz verirlər. Analitiklərin fikrincə, daşınan cihazlar beynəlxalq sərginin əsas yeniliklərindən biri olacaq.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən bildirir ki, “Creative Strategies” konsaltinq firmasının direktoru Tim Bajarin “EE Times” nəşrinə müsahibəsində bildirib ki, o, beynəlxalq tədbirdə “ağıllı” geyim sahəsində maraqlı həllər görməyə ümid edir.
Onun sözlərinə görə, idman sənayesini təmsil edən istehsalçıların əksəriyyəti daxili sensorla təchiz edilmiş müxtəlif baş geyimləri, köynəklər nümayiş etdirəcəklər ki, onların köməyi ilə məşq zamanı istifadəçinin aktivlik göstəricilərini izləmək mümkün olacaq.