Uolton sülaləsi “Forbes” jurnalının ABŞ-nin ən zəngin ailələri reytinqində birinci yeri tutub.
“Report”un məlumatına görə, siyahı nəşrin saytında dərc olunub.
Qeyd edilir ki, Uolton ailəsinin sərvəti 267 milyard dollar qiymətləndirilir. Son on ildə sülalənin nümayəndələri “Walmart”ın təxminən 22 milyard dollarlıq səhmlərini satıb, həmçinin 11 milyard dollar bağışlayıblar. Buna baxmayaraq, onlardan yeddisi hələ də nəhəngin pərakəndə səhmlərinin təxminən 45 %-ə sahibdir. Ailənin sərvətinə yeddi idman klubu da (“Los Angeles Rams” və “Arsenal” daxil olmaqla) töhfə verir.
Reytinqdə ikinci yeri 117 milyard dollar sərvətlə Mars ailəsi tutub. Sülalə Virciniya ştatının Maklin şəhərində yerləşən dünyanın ən böyük qənnadı şirkəti “Mars”ın sahibidir. Şirkət M&Ms, “Snickers”, “Ben’s Original” (düyü) və “Pedigree” it yemi də daxil olmaqla onlarla məşhur brendlərə sahibdir. Qeyd olunur ki, 2022-ci ildə onun gəliri 47 milyard dollar təşkil edib.
İlk üçlüyü sərvəti 116 milyard dollar olan Kox sülaləsi tamamlayır. Çarlz Kox 1967-ci ildə atası Fredin ölümündən sonra dəyəri 125 milyard dollar olan (2022-ci il satışları) “Koch Industries2 konqlomeratını ələ keçirib. Çarlz və onun qardaşı Davidin dul arvadı Culia Kox səsvermə hüququ olan səhmlərin 42 %-nə sahibdirlər.
Nəşrin reytinqinə həmçinin Kargill-Makmillan (60,6 milyard dollar), Conson (44,8 milyard dollar, Edvard Conson – “Fidelity Investments”in yaradıcısı), Priszker (41,6 milyard dollar), Conson (38,5 milyard dollar, Samuel Conson – təsisçi S. C. Johnson), Keti və digər ailələri də daxil edilib.