Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris ABŞ-ın maliyyə dairələri ilə əlaqələr quran təmsilçilərinin uzunmüddətli səylərindən sonra “Wall Street” tərəfindən dəstəyin artmasına nail olub.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə demokrat donorlara istinadla məlumat yayıb.

Demokratların “American Express”in sabiq baş direktoru və hazırda “General Catalyst” özəl kapital qrupunun rəhbəri Kennet Şenona partiyanın bu yaxınlarda keçirilən qurultayında kürsü verilməsindən sonra Kamala Harrisin “Wall Street”ə təsiri artıb. Vitse-prezidentin bu və digər təşəbbüsləri seçkilərdə onun əsas rəqibi Donald Trampı dəstəkləyən “Wall Street”dəki bəzi şəxsləri öz mövqelərinə yenidən baxmağa vadar edib.

Nüfuzlu bankirlərdən birinin dediyinə görə, Harris “hər şeyi bir yerə toplayır və bir çox insan onu dəstəkləyəcək”. “İqtisadi cəbhədə əksəriyyət Donald Trampdan razı olsa da, sabiq prezidentlə bağlı risklər də az deyil”, – deyə maliyyəçi əlavə edib.

Analitiklərin sözlərinə görə, Kamala Harrisin seçki qərargahı Donald Trampın qərargahından gündə 5 milyon dollar çox pul xərcləyir. “Bloomberg” agentliyinin məlumatına əsasən, avqust ayında vitse-prezident seçki kampaniyasına gündə orta hesabla 7,5 milyon dollar, sabiq dövlət başçısı isə 2,6 milyon dollar yönəldib. ABŞ Federal Seçki Komissiyası demokratların namizədinin sentyabr ayında seçki yarışına 404 milyon dollarla, respublikaçıların namizədinin isə 295 milyon dollarla daxil olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.