ABŞ-ın avtomobil yolları təhlükəsizliyinə nəzarət qurumu istehsalçının nasaz təhlükəsizlik kəmərlərini düzəltmək üçün geri çağırdığını elan etdiyi 100 mindən çox “Tesla Model X” elektromobili ilə bağlı araşdırmanı dayandırıb.

AZƏRTAC ABŞ Milli Yol Hərəkatı Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadla xəbər verir ki, tənzimləyici “Tesla”nın başlatdığı geri çağırma və yeniləmələrlə əlaqədar təhqiqatın bağlandığını bildirib və əlavə edib ki, gələcəkdə zərurət olduqda əlavə tədbirlər görə bilər.

“Tesla” 2023-cü ilin iyul ayında bəzi avtomobilləri geri çağırıb və həmin ilin iyun ayında təhlükəsizlik kəmərinin açılması və onun tarımlama lövbərinə təkrar sarınması mexanizmini yeniləyib.

NHTSA həmçinin qeyd edib ki, 2023-cü ilin mart ayında Milli Yol Hərəkatı Təhlükəsizliyi Administrasiyası qabaq oturacaqların təhlükəsizlik kəmərlərinin nasazlığı ilə bağlı iki şikayət aldıqdan sonra 50 min “Tesla Model X” avtomobili ilə bağlı araşdırmaya başlayıb.