İcarə haqqından şikayət edən bəzi satıcılar artıq obyektlərini bağlayıblar.

Bu gün Bakıda “8 km” kimi tanınan bazarın satıcıları etiraz aksiyası keçirib. ANS TV-nin məlumatına görə, onların narazılığına səbəb icarə haqqının dəfələrlə artırılmasıdır. Bu barədə rəhbərliyə müraciət etdiklərini bildirən satıcıların sözlərinə görə, alıcı sayının az olması vəziyyəti daha da ağırlaşdırıb.

Artıq bəzi satıcılar obyektlərini bağlayıb. İşləyənlər isə icarə haqqını ödəyə bilmədiklərindən şikayətləniblər. Onların sözlərinə görə, alıcı sayı az olduğundan 200-500 manat arasında dəyişən icarə haqqını ödəməkdə çətinlik çəkirlər.

Məsələyə münasibət bildirən Nizami Rayon İcra başçısının müavini Qərib Məmmədov problemin tezliklə həll ediləcəyini söyləyib.
“Yaranmış vəziyyətlə bağlı biz həmin insanları qəbul edib şikayətlərini dinlədik. Son olaraq qərara gəldik ki, bazar rəhbərliyi ilə bu problemi həll edək”.
Onun sözlərinə görə, bazar rəhbərliyi ilə icarə qiymətlərində endirim etmək üçün razılıq əldə olunub.