Avropa İttifaqındakı miqrantların öz ölkələrinə pul köçürmələrinin həcmi 2014-cü ildən bəri durmadan artaraq 2022-ci ildə rekord həddə – 43,5 milyard avroya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsi – Eurostat məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə mühacirlərin Aİ-dən digər ölkələrə pul köçürmələri öncəki illə (38,2 milyard avro) müqayisədə 13,9 faiz artıb. Həmin vəsaitin böyük hissəsi – 9,6 milyard avrosu və ya 22 faizi ittifaq üzvü olmayan digər Avropa ölkələrinə köçürülüb. Onların ardınca 8,6 milyard avro və ya 20 faizlə Yaxın və Orta Şərq istisna olmaqla Asiya ölkələri, 8,2 milyard avro və ya 19 faiz olmaqla Şimali Afrika ölkələri gəlir.
Eyni zamanda, Avropa İttifaqına daxil olan köçürmələrin həcmində də artım qeydə alınıb. 2014-cü ildə bu göstərici 11,6 milyard avro, 2022-ci ildə isə 13,5 milyard avro olub. Bu vəsaitin 51 faizi və ya 6,7 milyard avrosu ittifaq üzvü olmayan digər Avropa ölkələrinin payına düşüb. Sonrakı yerlərdə Şimali Amerika ölkələri (2,6 milyard avro və ya 20 faiz), Mərkəzi və Cənubi Afrika ölkələri (1,4 milyard avro və ya 10 faiz) qərarlaşıb.