İndiyədək İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 200-dən artıq xüsusi razılıq (lisenziya) verilmişdir.
Bu barədə “Marja”ya İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir.
Dekabrın 16-da İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı 5 saylı “ASAN xidmət” mərkəzində, Sumqayıt və Bərdə “ASAN xidmət” mərkəzlərində bina və qurğuların tikinti-quraşdırma işləri, dağ və buruq qazmalarının aparılması, dağ-mədən işləri, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, baytarlıq preparatlarının satışı, qiymətli metalların və qiymətli daşların dövriyyəsi, tibb və əczaçılıq fəaliyyətləri, avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası), şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara lisenziyalar təqdim edilmişdir.