Mayın 12-də Bakıda, Ziya Bünyadov prospektində SOCAR brendi altında sayca 20-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilmişdir.

Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov, digər rəhbər işçilər və qonaqlar iştirak etmişlər.

SOCAR prezidenti R. Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsdikdən sonra ”SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov tədbir iştirakçılarını məntəqədə yaradılan şəraitlə, YDM-in strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış etmişdir. Bildirilmişdir ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və avtomatika sistemi quraşdırılmışdır.

Tədbirin sonunda SOCAR prezidenti Rövnəq Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik etmiş, məntəqənin əməkdaşlarına uğurlar arzulamışdır. SOCAR prezidenti YDM əməkdaşlarının qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına əmin olduğunu bildirmişdir.