“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ili 1 milyon 375 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 4 milyon 63 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Türkiyə bankının Azərbaycanda xalis mənfəəti 2,9 dəfə azalıb. Azalmanın səbəbi Bankın əməliyyat mənfəətini artan kredit və depozit risklərinə görə ehtiyata yönəltməsidir.

GƏLİRLƏRİ ARTIB

Bankın maliyyə göstəricilərinə istinadən, 2018-ci ildə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 19 milyon 137 min manat, o cümlədən faiz gəlirləri 14 milyon 63 min manat, qeyri-faiz gəlirləri 5 milyon 75 min manat təşkil edib. 2017-ci ildə Bankın cəmi gəlirləri 15 milyon 968 min manat, o cümlədən faiz gəlirləri 11 milyon 776 min manat, qeyri-faiz gəlirləri 4 milyon 192 min manat təşkil etmişdi.

2017-ci ildə “Ziraat Bank Azərbaycan” ASC -nin əməliyyat mənfəəti 6 milyon 256 min manat  ikən, 2018-ci ildə 7 milyon 93 min manata yüksəlib. Bank əməliyyat mənfəətinin 5 milyon 405 min manatını ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırdığından və 313 min manat mənfəət vergisi ödənildiyindən yekun mənfəət 1 milyon 375 min manata düşüb. Ehtiyata ayırma 2016-cı ildə 434 min manat, 2017-ci ildə 1 milyon 231 min manat olmuşdu. Ayırmanın ildən-ilə artması kredit riskinin və gecikmədə olan kreditlərin artdığına işarədir.

İllik müqayisədə müştərilərə verilən kreditlər 2017-ci ilin sonundakı 67 milyon 884 min manatdan 105 milyon 488 min manata yüksəlib (55% artım).

BANK BÖYÜYÜB

31 Dekabr 2018-ci il tarixində “Ziraat Bank Azərbaycan” 227 milyon 919 min manat cəmi aktivlərə, 160 milyon 486 min manat cəmi öhdəliklərə və 67 milyon 433 min manat cəmi kapitala malik olub.

31 Dekabr 2017-ci il tarixində “Ziraat Bank Azərbaycan” 186 milyon 665 min manat cəmi aktivlərə, 120 milyon 770 min manat cəmi öhdəliklərə və 65 milyon 895 min manat cəmi balans kapitalına malik idi.

Bank ötən ilin sonunda 63 milyon 935 min manat məcmu kapitala malik olub.

 

@Marja