Rabitəbank ASC Azərbaycanın bank sistemində mütərəqqi inkişafı ilə seçilən  bankların sırasındadır.

Bankın yaydığı məlumata görə, Rabitabank ASC-nin aktivləri 31.12.16-ci tarixə ilin əvvəli ilə müqayisədə 23% artaraq 552 mln. 288 min manat  təşkil etmişdir. Muştərilərin müddətli əmanətlərinin həcmi isə 8% artaraq 241 mln. 850 min manat, cari hesabları 81% artaraq  178 mln.789 min manat təşkil etmişdir. 31.12.16-ci ilə Bankın məcmu kapitalı 60 mln. 932 min manat təşkil etmişdir.

Bankın gəlirlik göstəricilərinə gəldikdə isə, xalis faiz gəlirləri 12 mln.134 min manat, xalis qeyri-faiz gəlirləri isə 12 mln. 576 min həcmində olub.

Bank 2016-ci il ərzində plastik kart infrastrukturunu möhkəmləndirmiş, bununla aktiv plastik kart hesab istifadəçilərinin sayını 37 min 919 ədədə, ATM şəbəkəsini isə 56 ədədə çatdırmışdır.

Hazırda Rabitəbank-ın 600 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti,90 000-dən çox şirkət və fiziki şəxslərdən ibarət müştəri portfeli vardır. O cümlədən, bank il ərzində 187 min ədəd olmaqla 119 mln. manat ekvivalentində surətli pul köçürməsini və 220 min ədəd olmaqla 8 mln. manat kommunal ödənişi müştəriləri üçün reallaşdırmışdır.

Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur.