Son 2 ayda Manat Dollar qarşısında güclənməkdədir.
“Marja”nın məlumatına görə, çoxları hesab edirlər ki, Azərbaycan iqtisadiyyatında və ixracında ciddi artım olmadığı bir şəraitdə Manatın bahalaşması məntiqsizdir. Yanvar-Aprel aylarında Azərbaycan iqtisadiyyatı 4,5% geriləyib, ixrac 43%-ə yaxın azalıb.
Bir sıra iqtisadçılara görə, Dolların ucuzlaşması neftin qiymətinin yüksəlməsi ilə bağlıdır. Neftin bahalaşması nəticəsində Azərbaycanın valyuta gəlirlərinin artması gözlənildiyindən ajiotaj azalır və dollar alışı satışı əvəz edir.
Dolların ucuzlaşmasına digər bir səbəb kimi Azərbaycanın azalan idxalı göstərilir. Xarcdən alınan mallar azaldığından iş adamları az dollar alırlar. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin Yanvar-Aprel aylarında Azərbaycanın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 24% azalıb.
Dolların ucuzlaşmasına bir başqa səbəbinin nağd manat qıtlığı olduğu bildirilir. Dövriyyədə Manat kütləsi azaldığından banklar dollar ala bilmirlər.
Başqa bir fikirə görə, ABŞ valyutasının ucuzlaşdırılması əllərdə olan dolların manata çevrilməsinə xidmət edə bilər. Artıq bir sıra insanlar dolların daha da düşəcəyi xofu ilə manat almağa başlayıblar.
Son günlər Dollar/manat məzənnəsinin 1.50 səviyyəsindən də aşağı düşməsi ilə bağlı maraqlı bir iddia da səsləndirilir. İddiaya görə, Mərkəzi Bank ABŞ Mərkəzi Bankı Fed-in İyun ayında gözləniliən faiz artırımı qərarına qarşı mövqe tutur. Fed faizləri artıracağından dolların bahalaşacağı gözlənilir. Dolların bahalaşması neftin qiymətinin bir qədər yenidən aşağı düməsinə və qonşu dövlətlərin valyutalarının dəyər itirməsinə gətirib çıxarda bilər. Mərkəzi Bank məzənnəni 1,50-dən aşağı salaraq bu səviyyələrdən Manatın ucuzlaşmağa məruz qalmasını istəyir. 1.55-160 səviyyələrindən Manatın daha da ucuzlaşması ajiotaj yarada bilər. Amma məzənnənin 1.49 səviyyəsindən yenidən 1.55 səviyyəsinə qayıtması bazarı və əhalini ciddi narahat etməyəcəkdir.