Azərbaycan Banklar Assosiasiyasında (ABA) maliyyə-bank sektorunun mövcud vəziyyəti müzakirə olunub.

ABA-dan FED.az-a bildirilib ki, assosiasiyanın Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlər sırasında özünüməşğulluq proqramı ilə əlaqədar ABA-dan köçürüləcək vəsait hesabına banklar tərəfindən əlavə 400 vətəndaşa aktivlərin təqdim edilməsi işinin təşkili, Dövlət Sosial Müdafiə Fondunun “Özünüməşğulluq” layihəsində biznes-planların Qiymətləndirmə Komissiyasının tərkibinə Bakı və regionlar üzrə nümayəndələrin ayrılması, “Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”nun sədrliyinə “Kapital Bank” ASC-nin Xəzinə departamentinin direktoru Fərid Əliyevin namizədliyinin müzakirəsi, Mərkəzi Bankdan Banklar Assosiasiyasına daxil olmuş Dövlət Turizm Agentliyinin müraciətinin müzakirəsi yer alıb.

İclas zamanı qlobal müstəvidə yaranmış vəziyyətlə əlaqədar maliyyə-bank sektorunun mövcud vəziyyəti, həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görülən işlərlə bağlı hesabat dinlənilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.