Azərbaycan Mərkəzi Bankı “Paypal” təşkilatının Azərbaycanda fəaliyyətinin təmin olunması üçün Azərbaycan Banklar Asossiasiyasına məktub ünvanlayıb.
“Marja” xəbər verir ki, bu barədə vətəndaş Nicat Manafovun İqtisadiyyat Nazirliyinə kiçik sahibkarlığın İnkişafı və Paypal in Azərbaycanda fəaliyyəti ilə əlaqədər məktubuna cavab olaraq bildirilib.
İqtisadiyyat Nazirliyinin cavab məktubuna edilmiş əlavədən məlum olur ki, məsələ ilə bağlı olaraq İqtisadiyyat nazirinin müavini Sahil Babayev Mərkəzi Banka məktub yazıb. Məktuba cavab olaraq Mərkəzi bankdan bildirilib ki, hal-hazırda Azərbaycanda bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətini tənzimləyən qanunvericilik bazası olmadığı üçün, “Paypal” təşkilatı hüquqi şəxs kimi və ya xarici hüquqi şəxsin yerli filialı kimi ödəniş xidməti göstərə bilməz. Lakin bununla belə, təşkilatın agent banklar vasitəsilə fəaliyyət göstərməsi üzrə qanunvericilikdə məhdudiyət müəyyən olunmamışdır.
“Bildiririk ki, agent bank münasibəti çərçivəsində “Paypal” təşkilatı ilə qarşılıqlı fəaliyyət göstərməkistəyən bankların müəyyən edilməsi məqsədilə tərəfimizdən Azərbaycan Banklar Assosiasiyasına aidiyyəti məktub ünvanlanmışdır”,- Mərkəzi Bankın məktubunda deyilir.
“Paypal” təşkilatı ölkələrdə mövcud olan qanunvericilikdən asılı olaraq hesablar üzrə ödənişlərin aparılması və pul vəsaitlərinin qəbulu, bir sıra hallarda isə ancaq ödənişlərin aparılması imkanını təqdim edir.
“Paypal” qonşu ölkələrdən Rusiya və Gürcüstanda fəaliyyət göstərir. Azərbaycanda da “Paypal” təşkilatının fəaliyyətə başlaması kiçik sahibkarların ixrac potensialını genişləndirə bilər.