“Kapital Bank” ASC 2018-ci illə müqayisədə 2019-cu ildə istehlak kreditləri portfelini 346 milyon 650 min manat və ya 35% artırıb.

 

“Marja” xəbər verir ki, 2018-ci ilin sonunda Bankın istehlak kreditləri portfeli 988 milyon 140 min manat ikən, 2019-cu ilin sonunda 1 milyard 334 milyon 790 min manata çatıb.

 

Ötən il Bankın biznes kreditləri portfeli 37 milyon 342 min manat azalaraq 433 milyon 892 min manata düşüb. 2018-ci ilin sonunda “Kapital Bank”ın biznes kreditləri portfeli 471 milyon 234 min manat idi.

 

2019-cu ildə  “Kapital Bank”ın daşınmaz əmlak kreditləri portfeli isə 11 milyon 28 min manat artaraq 52 milyon 541 min manata yüksəlib.

 

Ümumiyyətlə 2019-cu ildə “Kapital Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 320 milyon 334 min manat və ya 21,3% artaraq 1 milyard 821 milyon 222 min manata çatıb.

 

Ötən il ərzində müştərilərə verilmiş xalis kreditlər (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kredit portfeli) 209 milyon 970 min manat artaraq 2019-cu ilin sonunda 1 milyard 501 milyon 354 min manat təşkil edib.

 

Keçən il “Kapital Bank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 110 milyon 365 min manat və ya 52,6% artaraq 319 milyon 869 min manata qalxıb. Bu ehtiyat Bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılan xüsusi fonddur. Qeyri-standart aktivlər – “qeyri-qənaətbəxş”, “təhlükəli” və “ümidsiz” aktivlərdir.

 

Qeyd edək ki, “Kapital Bank” 19%-dən başlayan illik faiz dərəcələri ilə 48 ayadək və 20 min manatadək istehlak kreditləri təklif edir. Tələblərə görə, rəsmi gəliri, yaş həddi 18-70 aralığında olan və son iş yerində minimum 3 ay stajı olan şəxslər Banka kredit üçün müraciət edə bilərlər. Təqaüdçülər üçün bu tələblər yoxdur.