“PAŞA Bank” ASC-nin Korporativ Bankçılıq Departamentinin direktoru Fərid Quliyevin və Kommersiya Bankçılığı Departamentinin Direktoru Heydər Süleymanovun birgə müsahibəsi.

1-ci hissə

İlk müsahibim “PAŞA Bank” ASC-nin Korporativ Bankçılıq Departamentinin direktoru Fərid Quliyev bildirdi ki, “PAŞA Bank”ın strukturu biznesə və fiziki şəxslərə xidmət qollarından ibarətdir: Biznes qoluna Korporativ Bankçılıq, Kommersiya Bankçılığı və Kiçik və Orta Sahibkarlıq (KOS) Bankçılıq departamentləri daxildir:

“KOS Bankçılığa illik dövriyyəsi 200 min manat – 8 milyon manat, Kommersiya Bankçılığına 8 milyon – 80 milyon manat, Korporativ bankçılığa isə illik dövriyyəsi 80 milyon manat və daha yüksək olan şirkətlər və sahibkarlar aid edilir. Bu bölgüdə məqsəd xidmətin keyfiyyətini artırmaqdır.

Fiziki şəxlərə xidmət qolu isə Fərdi və Private (Özəl) bankçılıq departamentlərindən ibarətdir. Fərdi bankçılıq departamentimiz Bankın korporativ müştərilərinin PAŞA Bank əmək haqqı kartlarının sahibi olan işçilərinə xidmət göstərilməsinə istiqamətlənib. Private (Özəl) bankçılıq departamentimiz isə zəngin müştərilər kateqoriyasına xidmət göstərir. Adi fiziki şəxslərdən fərqli olaraq müştəriyə əlavə xidmətlər göstərilir.

Bizim Bank olaraq məqsədimiz KOS Bankçılıqdakı müştəriləri böyüdüb Kommersiya Bankçılığı səviyyəsinə, Kommersiya Bankçılığındakı müştərilərimizi isə Korporativ Bankçılıq səviyyəsinə qaldırmaqdır.

“ƏSAS MƏQSƏD “ZƏNCİRİ” BAĞLAYIB, HƏR BİR ŞİRKƏTİN İŞ YÜKÜNÜ VƏ XƏRCLƏRİNİ AZALTMAQDIR”

Bizim iri korporativ müştərilərmizin həm təchizatçıları, həm də alıcıları var. Pul dövriyyəsinin “PAŞA Bank”ın daxilində qalması üçün həmin təchizatçı və alıcıları da “PAŞA Bank”a cəlb edirik. Belə olan halda iri şirkətlərin təchizatçılarına ödədiyi və alıcılarından qəbul etdiyi pulu görə bilirik. Əsas məqsəd “zənciri” bağlayıb, hər bir şirkətin iş yükünü və xərclərini azaltmaqdır.

Əgər iri şirkətin, onun təchizatçılarının və alıcılarının hesabları bir bankdadırsa, hesablaşmalar bankdaxili olur. Bankdaxili köçürmələr pulsuzdur. Belə köçürmələr anında aparılır. Hər 3 şirkətin hesabı bir bankda olduğundan rahat faktorinq, akkreditiv, bank qarantiyası məhsullarından istifadə edə bilirlər”.

ŞİRKƏTLƏRƏ DOĞRU YOL GÖSTƏRİLİR

Fərid Quliyev bildirdi ki, bir şirkət doğru bank, alıcı və satıcılar ilə, qısası doğru tərəfdaşlar ilə çalışmadıqda iflas təhlükəsi ilə üzləşə bilir:

“Bəzi şirkətlərin doğru mühasibatlığının olmadığı ilə qarşılaşırıq. Şirkətin sahibi maliyyə müdirinin nə olduğunu tam başa düşmür. İş adamı, bacarağı və ya əlaqələri sayəsində biznesi böyüdüb bir səviyyəyə çatdırır. Lakin bu səviyyədən irəliyə getməkdə çətinlik çəkir və tənəzzül riski ilə qarşılaşır.

Bizim Bank olaraq məqsədimiz böyüyərək bir səviyyəyə çatmış şirkəti daha da böyütməkdir. Təəssüf ki, bir çox iş adamı bizim şərtlərimizi başa düşmür. Məsələn, biz kredit verdiyimiz şirkətə başqa bankdan kredit götürməsini qadağan edirik. Həmçinin kredit ayırdığımız şirkətin qarşısında, təchizatçılarından alış günü ilə alıcılarına satış günü arasındakı müddətin, anbar qalığının azaldılması kimi şərtlər də qoya bilirik.

Öz maliyyəsini doğru idarə etmədiyi üçün “başını itirmiş”, bir səviyyədə ilişib qalmış şirkətlərə doğru tərəfdaşlıq, maliyyələşmə, məsləhətlər təklif edirik. Biz daha uzağa baxırıq. Biz istəyirik müştəri böyüsün və Bankımız böyümüş həcmdən gəlir əldə etsin”.

Fərid Quliyev qeyd etdi ki, müraciət edən şirkətə dərhal kredit verilmir, biznes təhlil edilir, ehtiyac varsa biznesdə dəyişikliklərin aparılması və ya həmin şirkətə kreditsiz çıxış yolu göstərilir:

“Dəfələrlə olub, biz şirkətə deyirik ki, “kredit götürmə, biznesində bu dəyişiklikləri etsən, özünü öz vəsaitinlə idarə edəcəksən”. Müştəri inanmır. Şirkətin təqdim etdiyi rəqəmlər əasında hazırladığımız təhlili təqdim edirik. Yenə də inanmır. Bizim şərtlərimizi qəbul etməyib başqa bir bankdan kredit alır. Bir müddətdən sonra həmin şirkətlə maraqlandıqda vəziyyətinin daha da pisləşdiyini eşidirik. Gec də olsa biz deyənləri edib, gəlirini artırıb və kreditini bağlayanlar çox olub. Biz şirkətin özü-özünə necə kömək göstərə biləcəyinin, xərclərini necə azalacağının yollarını başa salırıq. PAŞA Bank-da hər sektor üzrə müştəri menecerləri var. Bu menecerlər kredit mütəxəssisi deyil, müştərinin məsləhətçiləridir. Onlar Bank işini, tapşırılan sahəni bilən ekspertlərdir. Onlar müştərilər daimi əlaqədə olurlar”.

“ŞİRKƏT BANKİRƏ MAKSİMUM AÇIQ OLMALIDIR”

Fərid Quliyevin sözlərinə görə, insanın həyatında səmimi olacağı 3 şəxs olmalıdır: “Birincisi həkimdir – dərdini düzgün deməsən səni müalicə edə bilməz. İkincisi hüquqşunasdır – düzünü deməsən hüquqlarını qoruya bilməz. Üçüncüsü də bankirdir – vəsaitin necə qazanıldığı, necə xərclənəcəyi bankirə bildirilməlidir. Bir sahibkar və ya şirkət bankirinə maksimum açıq olmaldır. Aparılan islahatların və dəyişən bazar şərtlərinin bu açıqlığın artmasına gətirib çıxardacağını gözləyirik”