“Devalvasiyadan 2 ay keçməsinə baxmayaraq, əhali ilə banklar arasında narazılıq səngimək bilmir”. Belə bir fikirlə iqtisadçı-ekspert Samir Əliyev çıxış edib. “Narazılıqlardan birinə – valyuta kreditlərinin hansı məzənə ilə qaytarılacağı məsələsinə mayın 7-də Konstitusiya Məhkəməsi tərəfindən aydınlıq gətiriləcək. Digər narazılıq isə banklardan manat kreditləri almağın qeyri-mümkünlüyü ilə bağlıdır. Ötən ilin sonlarından etibarən məhdudlaşdırılmağa başlayan manat kreditlərini devalvasiyadan sonra əldə etmək xüsusilə mümkünsüz olub. Banklar getdikcə milli valyutada kredit vermək siyasətindən imtina edirlər. Müştərilərinə xarici valyutada kredit təklif edirlər, əhali və sahibkarlar isə manat kreditinə üstünlük verirlər. Səbəb bir tərəfdən bank sektorunda manat qıtlığıdırsa, digər tərəfdən devalvasiya gözləntisidir. Hər iki tərəfin ciddi arqumenti var” – deyə S.Əliyev qeyd edib.
Ekspert insanların kütləvi şəkildə əmanətlərini dollara çevirdiklərini deyib: “Yanvar-fevral aylarında əmanətlərdə dolların payı 38,5%-dən 62,3%-ə yüksəlib. Kredit qoyuluşunda isə dollar mövqeyini 27,3%-dən 40,5%-ə yüksəldə bilib. Əmanətlərin sürətlə dollarlaşması banklarda manat qıtlığı yaradıb. Üstəgəl 2015-ci ilin 2 ayı ərzində pul bazası 18% azalaraq 9,7 milyard manata düşüb. Mərkəzi Bank dekabr-mart aylarında intervensiya vasitəsilə bazardan yığdığı manat kütləsini yenidən bazara qaytarmaqda maraqlı görünmür. Səbəb inflyasiyaya dəstək verməməkdir. Banklar risk səviyyəsinin yüksək olması səbəbindən dollar vəsaitlərini manata çevirib iqtisadiyyata yönəltməkdə maraqlı görünmürlər”.
A.Zəka/Analitik.az