Bu ilin I yarısında da manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq hökumətin və AMB-nin birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub.

Hesabat dövründə valyuta bazarında əməliyyatların artması müşahidə edilib.

Yarımillik ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların dəyəri ötən ilin eyni dövrünə nisbətən 4,7% artaraq 12,7 mlrd. ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86,5%-i ABŞ dollarında, 13,5%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 38,3%-i banklararası valyuta bazarında, 61,7%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

6 ay ərzində BVB-də əməliyyatların 99,3%-i ABŞ dollarında, 0,6%-i avroda, 0,1%-i isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyəyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının dəyəri 7,8 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 78,5%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib.

Hesabat dövründə BDVB-də valyuta əməliyyatlarının 92,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların dəyəri illik müqayisədə 16,4% artaraq 3,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 2,9 milyard ABŞ dollarını və yaxud 92,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.