2020-ci ilin may ayında Azərbaycanda banklar tərəfindən 2 554 bankomat quraşdırılıb ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 14 bankomatın azalmasıdır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin aprelində isə cəmi bankomatların sayı 2 636 olub. Belə ki, aylıq müqayisədə 82 bankomat bağlanıb.

Bakıda may ayında bankomatların sayı 1 339, regionlarda isə 1 215 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 3% azalıb, regionlarda olan bankomatların sayı isə 2% artıb.

Bu ilin mayında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 55 027 ədəd təşkil edib. Belə ki, ötən ilin analoji dövrüylə müqayisədə quraşdırılan pos-terminalların sayı 17% azalıb.

Bununla yanaşı, Bakıda 35 952 ədəd (azalma 12,4%), regionlarda 19 075 ədəd (azalma 25%) pos-terminal mövcuddur.

Pərakəndə ticarət obyektlərində isə 53 624 ədəd pos-terminal  quraşdırılıb.